“Dedi, ya bu dəqiqə qalx ayağa, ya da başına sidik ifraz edəcəm”
Bərdə sakinləri Ziya Abbasov və qonşusu Elşən Əzimov Bərdə polisinin əməkdaşları tərəfindən döyülərək şərləndiklərini deyirlər. Ziya Abbasov qeyd edib ki, sentyabrın 11-də gecə saat 12-də şəxsi
avtomobili ilə taksi xidməti göstərərkən onun və qonşusu Elşən Əzimovun başına hadisə gəlib: “Taksiyə daha çox gecələr ehtiyac olur deyə, mən də gecələr işləyirəm. Müştərini Bərdə məhkəməsinin binası qarşısında düşürdüm, verdiyi pulun qalığını qaytardım, elə maşını yerindən tərpətmək istəyirdim ki, yanımda VAZ 2106 markalı bir maşın dayandı. qabaq oturacaqda mülki geyimdə olan şəxs məndən maşının sənədlərinin olub-olmadığını soruşdu. Mən də onlardan kim olduqlarını soruşdum. Arxada oturanlar bildirdilər ki, “bu adam təzəgələn rəis İlqar Məmmədovun köməkçisi Elnur müəllimdir”. Sənəd göstərmələrini xahiş etdim. Bildirdim ki, mülki geyimdədir, mən nə bilim ki, bu adam həqiqətən də polis işçisidir? Bu sözüm Elnur adlı şəxsin xoşuna gəlmədi, dedi, bu saat sənə kim olduğumu göstərəcəm. Maşından düşüb məni də öz maşınımdan düşürdülər, arxada oturanlar əl-qolumu tutdular, Elnurda şilləylə,təpiklə vurmağa başladı. Qışqırtıma yaxınlıqdan keçən qonşum Elşən gəldi. Tələb etdi ki, məndən əl çəksinlər, yoxsa onlardan şikayət edəcək. Onu da mənə qatıb döyə-döyə şöbəyə apardılar”.
Ziya Abbasovun sözlərinə görə, yalnız şöbəyə gətiriləndən sonra onların həqiqətən də polis işçisi olduqlarına inanıblar. 50-yə yaxın yaşı olan Elşən Əzimovun ürəyində problem olduğundan zərbələrdən yıxılıb: “Dedim ki, bu, ürəyi xəstə adamdır. Məni vurun, ona dəyməyin, ölsə kim cavab verəcək? Elnur müəllim gəlib Elşənin başının üstündə dayandı, “dedi, ya bu dəqiqə qalx ayağa, ya da başına sidik ifraz edəcəm. Elşən təhqir olunmamaq üçün birtəhər qalxdı”.
Həmin gecəni səbəb göstərilmədən şöbədə saxlanılıblar. Səhəri gün məhkəməyə aparılıblar: “Yolda dedilər ki, məhkəmədə deyərsiz ki, polisə tabe olmamısınız. belədesəniz, canınızı cəriməylə qurtaracaqsız. Deməsəniz, onsuz da daha ağır ittihamla içəri gedəcəksiniz. Biz də məcbur qalıb dediklərini təkrarladıq, hakim bizim hər birimizi 50 manat cərimələyib zaldan buraxdı”.
Məhkəmə zalından çıxan kimi maşınının polis şöbəsində olduğunu öyrənən Ziya Abbasov əvvəlcə ora yollanıb. Maşını orda tapmayanda öyrənib ki, cərimə meydançasına aparılıb. Cərimə meydançasında isə maşınını tanımayıb: “Maşını əzik-əzik ediblər, pultunu sındırıblar, indiyə qədər də qapısı açıq qalır.İçərisindəki şəxsi əşyalarımdan tutmuş uşaqlarıma aldığım meyvələrə qədər götürüblər. Müştərilərdən alıb maşının saxlanc yerinə atdığım pulları da götürüblər. Maşını elə vəziyyətə salıblar ki...”.
Ziya Abbsov və Elşən Əzimov həkim müayinələrindən çıxaraq bədənlərindəki xəsarətləri qeydə aldırıblar. İndi hər ikisi Baş prokurora və daxili işlər nazirinə ikayət məktubu yazıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?