Əvəz Zeynallı: "Mən sizdən özümə bəraət istəyirəm və haqqımda qaldırılan cinayət işini saxta və qondarma olduğunu məhkəmə qərarı ilə təsdiqləməniz üçün sizdən cəsarət gözləyirəm”.
May ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə "Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmənin hazırlıq iclası keçirilib. İclas başlayarkən hakim Əflatun Qasımov ötən iclasda məhkəmə heyətinin tərkibinə etirazla bağlı verilmiş vəsatətin qəbul olunmadığını və hazırkı heyətlə məhkəmə prosesinə davam etdiriləcəyini bildirib. Xatırladaq ki, ötən hazırlıq iclasında müdafiə tərəfi hakim tərkibinə etirazla bağlı vəsatət verib. Qeyd edək ki, Ə.Qasımovu sədrliyilə olan bu məhkəmə tərkibi həm də baş redaktorun həbsindən sonra onun avtomobilində, evində və ofisində aparılmış axtarışla bağlı olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxıb və müdafiə tərəfinin əleyhinə qərar çıxarıb. Ə.Qasımovun sədrlik etdiyi kollegiya etirazı qəbul edib və baxılması üçün Apellyasiya Məhkəməsinin sədrinə təqdim edib. İclasda Bakı şəhər Vergilər Departamentinin Baş hüquqşünası İsmayıl Abbasov da iştirak edib. Vergilər Naziriliyi Bakı Ağır Cinayətlət Məhkəməsinin qərarından narazı olduğunu bildirib. İlkin instansiya məhkəməsində Vergilər Nazirliyinin əməkdaşı mütəxəssis qismində çıxış edərək, istintaq zamanı "vergi borcları” ilə bağlı göstərilən 7 min manatdan çox məbləğin düzgün hesablanmadığını bildirsə də, apelyasiya şikayəti verilərkən Vergilər Nazirliyi də iddiasını artırmaq qərarına gəlib. Vəkil Elçin Sadıqov məhkəmədə istintaqın qismən yenilənməsinə dair vəsatət qaldırıb. Bundan başqa müdafiə tərəfi həm də I-ci İnstansiya məhkəməsində sabiq deputat, hazırda dələduzluq maddəsilə ittiham olunan Gülər Əhmədova ilə yanaşı bir çox şahidlər müdafiə tərəfinin suallarını cavablandırmayıblar və bununla da məhkəmədə çəkişmə prinsipi pozulub. Lakin, vəkilin qaldırdığı bu vəsatətdə təmin edilməyib. Hakim Əflatun Qasımov bildirib ki, hazırkı mərhələdə şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Buna cavab verərkən Əvəz Zeynallı hakimlərə xitabən bildirib: "Mən 11 ay bu dəmir barmaqlıqların arxasından azad və müstəqil mətbuatın davasını apardım. Heç kimin siyasi nüfuzundan və tutduğu vəzifədən çəkinmədən Azərbaycanda müstəqil mətbuatın qatillərinin adlarını açıqladım. Ümidvaram ki, ötən prosesdə olduğu kimi deyil, bu dəfə siz bizim işimizlə daha yaxından tanış olmusunuz. O zaman əgər siz də bütün müdafiə cəhdlərimizə baxmayaraq, sonda "Müşavirə otağı”na gələn zənglə haqqımda qərar qəbul edəcəksinizsə, nə bizi, nə də özünüzü yorun və prosesi daha bir neçə ay uzatmağa cəhd göstərməyin. Mən sadəcə sizdən özümə bəraət istəyirəm və haqqımda qaldırılan cinayət işini saxta və qondarma olduğunu məhkəmə qərarı ilə təsdiqləməniz üçün sizdən cəsarət gözləyirəm”. İş məhkəmə baxışına mayın 13-də saat 14.30-a təyin olundu. Məlumat üçün bildirək ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?