Əvəz Zeynallı “Şüşə Kabinə”yə Etiraz EtdiBakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddianın Nərimanov rayon Məhkəməsi tərəfindən təmin edilməməsi qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdən əvvəl məhkəmə zalına gətirilən Əvəz Zeynallını şüşədən olan səskeçirməyən kabinəyə salmaq istəsələr də, baş redkator buna etiraz edib. Həmin qəfəsin qeyri-insani olduğunu deyən Əvəz Zeynallı “heç Öcalana də belə davranmırdılar, bu kabinənin mikrofonu hakim təəfindən idarə olunur, bu isə ləyaqəti alçaldan hərəkətdir” – deyərək, şüşə qəfəsə daxil olmaqdan imtina edib. Bu səbəbdən onu zaldan çıxararaq aparıblar.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin həmin zalında son vaxtlar siyasi işlərə baxılır. Sabiq səhiyyə naziri Əli İnsanov və sabiq deputat Gülər Əhmədova da həmin şüşə kabinəyə salınıblar.
Hakimlər zala gəldikdən sonra Əvəz Zeynallının yenidən gətirərək, şüşə kabinəyə salıblar. Hakim ondan eşidib-eşitmədiyini soruşub. Əvəz Zeynallı bildirib ki, hakimi eşitsə də, şüşə kabinədə qalmağa etiraz edir. O bildirib ki, bu məhkəmədə o iddiaçı qismindədir. Buna görə də, qəfəsə salınması doğru deyil. Onun etirazına əsasən hakimlər baş redkatorun qəfəsdən çıxarılaraq məhkəmə zalında əyləşməsinə qərar veriblər.
Məhkəmədə Əvəz Zeynallının vəkili və cavabdeh tərəf iştirak etməyib. Əvəz Zeynallı bildirib ki, 2 aydır şikayət icrata götürülsə də, məhkəmə iddiaçı olaraq onun gətirilməsini təmin etmir. “Məhkəmə heç cavabdehlərin məhkəmədə iştirakını da təmin etmir. Onsuz da mən bu məhkəmələrdən ədalət gözləmirəm. Nərimanov rayon məhkəməsində verdiyimiz vəsatətlər təmin edilməyib, çox zaman heç vəsatətləri səsləndirməyə imkan verməyiblər. Burada isə gətirib məni bu şüşə qəfəsə salırlar. Bu qəfəs Həzrəti Yisifin quyusundan da dərindir” – deyən Əvəz Zeynallı apellyasiya şikayətinə baxan hakimlər tərkibinə etirazını yazılı şəkildə məhkəməyə təqdim edib.
Hakim bildirib ki, məhkəmə tərkibinə etiraza baxmaq məhkəmə sədrinin səlahiyyətində olduğu üçün etiraz ona təqdim olunacaq. Proses sabah sat 14.30-da davam edəcək.
Qeyd edək ki, 2011-ci ildə Mətbuat Şurası "Xural" qəzetini "qara siyahı"ya salınması ilə bağlı qərar verib. Baş redaktor Mətbuat Şurasına idiia qaldıraraq, qurumun protokolunun və xüsusi rəyinin ləğv edilməsini, işgüzar nüfuza vurulmuş zərərlə bağlı maddi təzminat ödənilməsini istəmişdi.
Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallı 9 il müddətinə azadlıqdan məhrum olunub.
Əvəz Zeynallının özü, həmçinin bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?