Bakı Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Asim Ağamalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Binəqədi Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.
Qeyd edək ki, “Vulkan” motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib. İlkin məlumatda qadının əyləndiyi kişi tərəfindən bıçaqlandığı qeyd olunsa da, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olundu. Əməliyyat-istintaq tədbirlərindən sonra qətlə yetirildiyi bildirilən Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürüldü.
Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. 2014-cü ilin noyabrın 20-də gecə “Vulkan” motelində hadisə baş verən zaman da Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsinsdə çıxardığı hökmü ağır olduğu bildirib.
Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib. Onun apelyasiya şikayəti üzrə ilkin dinləmə keçirilib. Prosesdə Asim Ağamalıyevin anket məlumatları, daha sonra da apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Sorğu
Yeni dizaynımız necədir?