Nüşabə Əliyevə ünvanlı sosial yardımın rüşvətlə verildiyini iddia edir
Ünvanlı sosial yardımla bağlı vətəndaşlarımız hələ də müxtəlif problemlərlə qarşılaşırlar. Bu sırada xüsusilə də süründürməçilik, rüşvət, vətəndaşların öz hüquqlarını bilməməsi vı s. məsələlər ilk sırada yer alır. Qeyd edək ki, ünvanlı sosial yardım üçün tələb olunan sənədlər ailə tərkibi haqqında arayış, ailədəki həddi-buluğa çatmamış uşaqların doğum haqqında şəhadətnamələri, iş yerindən əməkhaqqı haqqında arayış, işləmirsə, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzindən bu barədə arayış, yaşadığı ərazi üzrə MİS, yaxud icra nümayəndəliyindən yaşayış yeri haqqında arayış, bir də yaşadığı ərazi üzrə Sosial Müdafiə Mərkəzinə ərizədir. Mənzilin çıxarışının ünvanlı sosial yardımla heç bir əlaqəsi yoxdur. Belə bir sənədin tələb olunması qanunsuzdur və süründürməçilik məqsədi daşıyır.
Onu da qeyd edək ki, bir neşə il əvvəl korrupsiya ilə mübarizə söhbəti ortalığa çıxanda adamlar əvvəl sevindilər, sonra zənlərində yanıldıqlarını dərk etdilər. Belə ki, çoxları ünvanlı sosial yardım məsələsində rüşvətin aradan qaldırılacağını düşünürdü. Ancaq vəziyyət əksinə oldu. İndi ünvanlı sosial yardım üçün gedən adamdan ikiqat rüşvət tələb olunur. Müraciət edənə bildirirlər ki, bundan əvvəl mümkün idi, indi mümkün deyil, daha artıq risk tələb edir və sair. Elə “daha artıq riskə” görə də əvvəlki dələduzluqlarını vətəndaş üçün ikiqat qiymətə edirlər.
Qeyd edək ki, son iki ildə sosial müdafiə mərkəzləri işçilərinin rüşvət alarkən iş başında yaxalandıqları ilə bağlı müntəzəm xəbərlər də yayılıb. Ancaq ünvanlı sosial yardım üçün müraciət edənlərin giley-güzarlarından belə görünür ki, bu həbslər sadəcə görüntü üçündür. Nazir postunda Füzuli Ələkbərovu Səlim Müslümov əvəz etsə də, bu sahədəki vəziyyət o qədər də dəyişməyib. Belə ki, vətəndaşlardan yenə də ünvanlı sosial yardımla bağlı şikayətlər daxil olmaqdadır. Belə bir şikayət redaksiyamıza Ucar rayonundan daxil olub. Rayonun H.Əliyev kücəsi, bina 135, mənzil 7-də yaşayan sakini Əliyeva Nüşabə İntiqam qızı bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 01 mart 2016-cı il tarixdə yaradılmış VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar: “Buna görə bizim kimi yoxsulluq həddində yaşayan ailələr çox əziyyət çəkirlər. Artıq bunu təsdiq edən mötəbər subutum var. Bu da onu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsulluq həddində yaşayan vətəndaşlara dövlət tərəfindən ayrılan sosial yardımı rüşvətlə təyin edirlər. Belə ki, mən ünvanlı sosial yardım almaq ücün 07.03.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron VEMTAS sisteminə müraciət etdim.Cavab verildi ki, Azərbaycan Republikası Nazirlər kabinetinin 05.02.2016-ci il 37 nömrəli qərarina əsasən, müraciətim vahid elektron müraciətlər və təyinat alt sistemi tərəfindən 167447700187801 nömrə ilə qeydə alındı. 02 may 2016-cı il tarixdə mənə rəsmi cavab verilərək etdiyim müraciətə imtina cavabı verilib”.
Şikayətçi bildiri ki, buna səbəbi onun təqaüd alan şəxs olması barədə məlumatın öz təsdiqini tapmamasıdır. Hər halda nazirlikdən belə bildiriblər. Daha sonra Nüşabə Əliyeva yazır: ”Mən 2013-cü il tarixdən 2-ci qrup əliləm ki, buna görə hər ay 70 manat pensiya alıram. Həyat yoldaşım vəfat etdiyi üçün isə övladıma hər ay 46 manat müavinət verilir. Mən bu saxtakarlığa, qanunsuzluğa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldırmışam. Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən verilən arayışda əlilliyə və ailə başçısını itirməyimə görə pensiya almağım qeyd edilib. Bu fakt onu tam subut edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsulluq həddində yaşayan ailələrin haqqın yeyir, ünvanlı sosial yardımlar yenə də əvvəlki kimi rüşvətlə satılır”.
Nüşabə xanım iddia edir ki, nazirlik hətta məhkəmələrə də təzyiq göstərir: “Belə ki, mən iddiamı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə versəm də, oradan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilmiş, onlar isə Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərmişdilər. Hazırda iddia ərizəm Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Müşfiq Həsənovun icraatındadır. Bildirirəm ki, həyat yoldaşım avtomobil qəzasında dünyasını dəyişib. Himayəmdə bir azyaşlı qızım var. Özüm ikinci qrup əlil olduğum üçün işləmirəm. Ailə başçısnı itirdiyimə görə ayda 46 manat və əlilliyə görə isə 70 manat müavinət alıram ki, buna görə yoxsulluq həddində yaşayırıq. Azyaşlı övladım yoxsulluqdan günlərlə məktəbə gedə bilmir. Aclıqdan ölüm təhlükəsi ilə üz-üzə qalmışıq. Mən mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm ki, saxtakarlıq edib bizim ailəyə ünvanlı sosial yardım verilməsindən qanunsuz imtina etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları barədə qanuni tədbirlər görəsiniz.Əlimdə olan konkret subutlar onu deməyə əsas verir ki, onların bu əməlləri korrupsiya cinayətidir, onlar yenə də əvvəlki kimi ünvanlı sosial yardımı rüşvətlə satırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?