Həzi Aslanov: ” Amma, nə etmək olar! Bəlkə də, Vətən həsrəti ilə yaşamaq, belə bir həyatı duymaq Allah-Təalanın bizə bəxş etdiyi alın yazısıdır” XX əsrin son onilliyində xalqımız bir çox faciələrlə üz-üzə qaldı ki, bu gün də həmin faciələrin ağrı-acısını yaşamaqdayıq. Düzdür, hər bir faciə tarixdə uzun müddət yaşayır və zaman etibarilə də xatırlanır. Dağlıq Qarabağ müharibəsi də, növbəti faciələrimizdən biri oldu ki, bu müharibənin ağrı-acısı təkcə torpaqlarımızın 22%-nin müvəqqəti ələ keçirilməsi ilə deyil, həm də çoxsaylı sosial problemlərin də əmələ gəlməsinə səbəb oldu. Belə bir səbəb üzündən də, 1 milyondan çox soydaşlarımız dədə-baba torpaqlarından qaçqın və məcburi köçkün düşdülər, olmazın müsibətləri yaşamalı oldular. Düzdür, münaqişənin başlanmasının dərin tarixi kökləri olsa da, əsas etibarilə 1988-ci ilin 17 noyabrında Şuşada yerləşən məşhur “Topxana” meşəsində yaşananlar, bir növ DQ müharibəsinin başlanmasının əsasını qoydu. Çünki, həmin meşənin qırılmasına etiraz səsini ucaldan xalqımızın haqq səsi Moskva hökuməti tərəfindən eşidilmədi və onun rəhbərliyində duran riyakar vəzifə sahibləri isə, çox keçmədi ki, erməni şovinizminə dəstək oldular. Havadarlarından hər cür dəstəyi alan, lazımi silah-sursatla təmin olunan erməni quldurları, məhz 1992-ci ildən Azərbaycana qarşı ərazi iddiasına başladılar və son anda da məkrli planlarını həyata keçirdilər. Bəli, ötən illərə nəzər saldıqda onu da müəyyən etmək olur ki, hər kəsin doğulub boya-başa çatdığı elini-obasını itirməsi ən böyük faciəsidir, hər kəsi sızıldadan anlarıdır. Belə bir ağrı-acını yaşayanlardan biri də, əslən Laçın rayonundan olan Aslanov Həzi Əhməd oğludur. O, redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “biz 1992-ci ildə erməni işğalı nəticəsində rayonumuzun Mişni kəndindən məcburi köçkün düşmüşük. Köçkünlükdən sonra müxtəlif yerlərdə məskunlaşsaq da, heç bir ünvan bizi dogma kəndimiz qədər “isitmədi”. Çünki, gözümü açıb hər cür gözəlliyi elimizdə-obamızda görmüşdüm. Amma, nə etmək olar! Bəlkə də, Vətən həsrəti ilə yaşamaq, belə bir həyatı duymaq Allah-Təalanın bizə bəxş etdiyi alın yazısıdır. Hal-hazırda ailə başçısıyam və üç övlad böyüdürəm. Həyatımın nə qədər xoşbəxtliyini yaşasam da, məni sızıldadan bir an var, o da vətən həsrətidir”. 1992-ci ildən məcburi köçkün həyatı yaşayan Həzi Aslanovu narahat edən, heç cür rahat buraxmayan digər anlar da var. Onun ünvanladığı müraciətə diqqət yetirdikdə o da aydın olur ki, basilica amalı xalqını sevmək, dövlətini yaşatmaq olan bu şəxs, həm də haqqın-ədalətin tərəfində durur, haqsızlığa qarşı mübarizə əzmini daim ortaya qoymağı da bacarır. Belə ki, o, yazmış olduğu müraciətində onu da vurğulayır ki, “mən 2015-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilər zamanı, YAP-nın namizədini dəstəkləyirdim. Həmin vaxt haqqa nahaqdan baxan, ağa qara deyən müsavatçılar bu cür mövqeyimə görə məni təqibə məruz qoydular, hətta, ölümlə də hədələdilər. Çünki, onların düşüncələri reallığı həzm edə bilmir, qaragüruhçuluğu özləri üçün mübarizə yolu seçmişdilər. Onların qol qoymaq istədikləri saxtakarlıqlara qarşı çıxdığım üçün, arabir aramızda mübahisələr də baş verirdi. Çox keçmədi ki, bir neçə şəxs tərəfindən döyüldüm və bədənimin müxtəlif hissələrindən xəsarətlər də aldım. Elə ki, onların əməllərindən aidiyyəti qurumlara şikayət etmək istədim, o halda mənə bildirdilər ki, “əgər şikayət edərsənsə, ailən böyük bir problemlə üz-üzə qalacaq” dedilər. Bu cür yanaşma, bu cür düşüncə tərzi əslində hər kəsi haqsızlığa aparan bir yoldur. Odur ki, Vətənini sevən, onun hər qarış torpağını göz bəbəyi kimi qoruyan, xalqına bağlı olan hər kəs haqqın yanında olmalı, nahaqqa “yox” deməlidir. Bəli, bu cür yanaşmanı 25 illik vətən həsrəti ilə yaşayan Həzi Aslanovun əməllərində gördükcə, sanki qürur duyuruq, iftixar hissi keçiririk. Çünki, o, Vətəninin həm layiqli, həm də ləyaqətli övladı olmasını, məhz əməlləri ilə sübut edir. Həzi Aslanov bu cür addımlarını atmaqla, bir növ şərəfli vətəndaş borcunu yerinə yetirir ki, onun əməlləri də hər kəs üçün örnək olmalıdır.
Sorğu
Yeni dizaynımız necədir?