“Zakir Bədəlov: “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
“Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutdu və məndən avtomaşına oturmağımı tələb etdi”
Nazilə Bədəlova: “Zəng edərək Akif Çovdarovla danışdım, ərimin qısa müddət ərzində buraxılmasını tələb etdim”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Prosesin əvvəlində Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər dindirilib. Şahid qismində ifadə Natiq Hümbətov bildirib ki, Akif Çovdarovla qohumluq əlaqəsi olub. Hazırda zərərçəkmiş kimi tanınan İlham Xəlilov Çovdarov həbs ediləndən sonra ona müraciət edib və deyib ki, guya Akif Çovdarov onun adına borc yazdırıb: “Dedi, Akif Çovdarov məcbur edib ki, guya 60 min borcu olduğu barədə sənədə qol çəksin. İlhamı iki dəfə Akif müəllimin evində məclis
olanda görmüşəm. Akif müəllim İlhamı masanın başında əyləşdirirdi. Münasibətləri o qədər yaxın idi. Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun Akif Çovdarova borcu olub, amma rəsmi sənəddə mənim adıma yazılıb. Guya İlhamın mənə 60 min borcu var. Notariusdan ona sənəd verməyimi istədi. Mən də dedim, bu, necə ola bilər ki, mənim xəbərim yoxdur? Dedi ki, sənin xəbərin olmayıb.İlham bildirdi ki, əgər borcun yoxdursa, nədən çəkinirsən? Bir sənədi niyə vermək istəmirsən? Mən də düşündüm ki, bu, Akif müəllimin yaxın dostudur, istəyirsə, edim. Mən də qəlbində qara qalmasın deyə razılaşdım. Əgər bilsəydim ki, belə bir addım atacaq əlbəttə, verməzdim. Mən ona inanmışdım”.
Şahid: “Sənədlərdə problem var idi”
Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, notariusdan məhkəməyə göndərilən arayışda belə bir razılıq sənədinin verilməsi təkzib edilib.
Daha sonra Akif Çovdarovun kürəkəni Rövşən Qasımov da məhkəmədə ifadə verib. İlham Xəlilovun Akif Çovdarovun kürəkəninə 6 sot torpaq səhəsi verdiyi ittihamda qeyd edilib. İlham Xəlilov deyib ki, Akif Çovdarovun təzyiqi və hədə-qorxusu ilə torpaq sahəsini Rövşən Qasımova verib.
Deyilənlərin yalan olduğunu söyləyən Rövşən Qasımov məhkəmədə bunları bildirib: “İlhamdan torpaq sahəsi almaq istəməyim doğrudur. Amma bunun Akif Çovdarov vasitəsi ilə alınması və təzyiqlər olması yalandır. Torpaq sahəsi alınan ərəfədə sənədlərdə problem var idi, torpağı da bəyənmədim. Mən atamgil
üçün bağ evi tikdirmək istəyirdim. Amma həmin ərazidə yaşıllıq olduğunu gördük. Orada tikinti aparmaq mümkün deyildi. Bu işi görmədik. Sonra Akif Çovdarov həbs edilən İlham zəng elədi ki, bu işlə bağlı Biləcəri bələdiyyəsində də yoxlamalar başlayıb. Xahiş etdi ki, o vaxt ona verdiyi sənədləri qaytarım. Mən də sənədləri geri qaytardım. Əgər torpaq mənim adıma olsaydı, niyə qaytarardım?”
İlham Xəlilov isə bildirib ki, Akif Çovdarovun kürəkəninin adına olan torpaq sahəsi ilə bağlı çıxarış olub. Çovdarovun vəkilləri isə belə bir çıxarışın mövcudluğunu təkzib ediblər.
Məhkəmədə Binəqədi bələdiyyəsinin sabiq sədri Elman Salmanov da İlham Xəlilovla bağlı əlavə ifadə verib. Elman Salmanov deyib ki, İlham Xəlilov ondan Akif Çovdarova vermək adı ilə əlavə 16 min manat da alıb.
Vəkil Sadiq Rəsulovun sözlərinə görə, sabiq bələdiyyə sədri Elman Salmanov məhkəmədə bunları deyib: “Bunu istintaqda da bildirdim ki, İlham məndən əlavə 16 min də alıb. Amma istintaq sənədlərinə bunlar yazılmadı. İlham Xəlilov məndən Akif Çovdarova vermək adı ilə 150 mindən əlavə 16 min də aldı. Dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini mən tikdirməliyəm. Qalan mərtəbələri də İlham Xəlilov özü tikdirəcəyini dedi. Məndən bu adla 16 min də aldı. Bu pulu da hissə-hissə aldı. Qum, taxta və digər matüriallar üçün”.
Sadiq Rəsulovun dediyinə görə, məhkəmədə məlum olub ki, Akif Çovdarov bağını həmin vaxt tikdirmiyib. İlham Xəlilov Elman Salmanovdan 2008-ci ildə pul alıb ki, Çovdarov Novxanıda bağ
evi tikir. Amma Çovdarov dedi ki, bağ evinin inşasını 2005-ci ildə bitirib.
Akif Çovdarov: “Şərəfsiz adamları generallarla üz-üzə qoyublar”
Məhkəmədə Binəqədi bələdiyyəsinin sabiq sədri Elman Salamanov ona dəymiş zərəri ilk olaraq İlham Xəlilovdan istədiyini söyləyib.
Elman Salmanov ifadəsində qeyd edib ki, Çovdarov həbs ediləndə o, İlham Xəlilova müraciət edib və pulunun generaldan alınaraq geri qaytarılmasını istəyib: “Amma İlham təklif etdi ki, Çovdarova qarşı birlikdə ifadə versinlər. İlham Xəlilov dedi ki, sən mənim əksimə danışsan, ifadəm şübhə altına düşər, sənə 10 sot torpaq təklif edirəm, mən deyən şəkildə ifadə ver. İlham bunun üçün pul da təklif etdi. Amma mən qəbul etmədim. İlhamın dediklərinin yalan olduğunu məhkəmədə başa düşdüm”.
Daha sonra Akif Çovdarov prosesdə araşdırılan ittiham üzrə arayış verib. O, istintaqdan narazılığını bildirib: “Narazılığım odur ki, belə yalançı, şərəfsiz adamları generallarla üz-üzə qoyublar. Onlara generallara qarşı ifadə verdirirlər. Bu ittiham yalan və böhtandır”.
“Borc alaraq mənə verəcəyini bildirdi”
Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Zakir Bədəlov ifadə verib. O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır, 1986-cı ildə Nazilə Ramazanova ilə ailə həyatı qurub, onların Tamara Bədəlova adlı bir qızları var: “Qohumum, Gürcüstan Respublikasının vətəndaşı
Zakir Mustafayev ilə münasibətlərim hər zaman yaxşı olub, hər hansı ədavətim, düşmənçilik münasibətlərim olmayıb. 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikmişəm, evin 3-cü mərtəbəsində ailəm ilə birlikdə yaşamışam. 1-ci və 2-ci mərtəbələrində isə kafe işlətmişəm. Həmin ildə qohumum Zakir Mustafayev evimə qonaq gələrkən evimin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyimin səbəbini soruşdu. Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanımın olmadığını dedim. O, isə mənə maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alaraq mənə verəcəyini bildirdi”.
“30 min dolları mənə verdi”
Zərərçəkmişin sözlərinə görə, 20 may 2006-cı il tarixdə arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstandakı evinə gedib: “Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu mənə borc verdi. Mayın 21-də isə Azərbaycana qayıtdım. Zakir Mustafayevdən aldığım 60.000 ABŞ dolları məbləğində pula işlətdiyim kafe üçün inventar alsam da, həmin pul məni qane etmədi. Zakir Mustafayev bir daha mənə zəng edərək vəziyyət barədə maraqlandı. Zakir Mustafayevə borc verdiyi pulun məni təmin etmədiyini dedim. Zakir Mustafayev 30.000 ABŞ dolları da verəcəyini bildirdi. Buna görə iyunun 27-də Qırmızı Körpü adlı gömrük postuna tərəf gedərək Paşa İsmayılov ilə görüşdüm, sonuncu postu keçərək Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu mənə verdi. Həmin pul vasitəsi ilə də işlətdiyim kafe üçün avadanlıq aldım”.
Zakir Bədəlov qeyd edib ki, sentyabrın 1-də Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib və işləri ilə maraqlanıb: “Mən isə yenə də maddi cəhətdən çətinliyimin olduğunu bildirdim. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu dedi və həmin pulu mənə borc verdi. Zakir Mustafayevə olan borcumun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirdim”.
Zərərçəkimiş qeyd edib ki, Zakir Mustafayev Bakıxanov qəsəbəsindəki evini söküb və yeni ev tikdiyini deyib: “Zakir sonra ona 150.000 ABŞ dolları məbləğində köməklik göstərməyimi istəyib. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib”.
“150 min dollarda verməli olduğumu bildirdi”
Zərərçəkmiş bildirib ki, 2007-ci ilin aprel-may aylarında yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”dan 200.000 ABŞ dolları məbləğində kredit götürüb, həmin puldan 125.0000 ABŞ dollarını Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib: “Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğumu bildirib. Mən isə Abdul Həbibova etirazımı bildirək borcumu artıqlaması ilə qaytardığımı bildirdim”.
“Məni uşaq oyuncağı ilə aldatmadığını dedi”
Zakir Bədəlov qeyd edib ki, 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu deyib: “Buna etiraz etdikdə, Abdul Həbibov dedi ki, əgər ailəsinin sağ qalmasını istəyirsən və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsənsə, tələb edilən
pulu verməlisən. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev mənə zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırdı. Mən isə Zakir Mustafayevlə görüşməyə qohumum Vaqif İsmayılovla birlikdə getdim və qohumumdan başqa avtomaşında oturaraq məni izləməsini xahiş etdim. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən, ona yaxınlaşdım. Zakir Mustafayev məndən avtomaşına əyləşməyimi tələb etdi. Mən isə buna etiraz etdik də, Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutdu və məndən avtomaşına oturmağımı tələb etdi. Avtomaşına oturduqdan sonra Zakir Mustafayevə məni uşaq oyuncağı ilə aldatmadığını dedi. O, tapançasını mənə göstərdi, tapança ilə məni öldürəcəyi ilə hədələdi və pul tələb etdi. Mən isə Zakir Mustafayevdən möhlət istədim, pulunu qaytaracağımı bildirdirdim”.
“Zakir Mustafayev “pulu Abdul Həbibova ver” dedi”
Zakir Bədəlovun sözlərinə görə, 2008-ci ilin iyun-avqust aylarında yenə də “Azərbaycan Kredit Bank”a kredit götürmək üçün müraciət edib: “Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürdüm. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditimi bağladıqdan sonra əlimdə 158.000 ABŞ dolları məbləğində pul qaldı. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün və ya kiminsə götürəcəyini soruşdum. Zakir Mustafayev isə “pulu Abdul Həbibova ver” dedi”.
Zakir Bədəlov qeyd edib ki, 28 avqust 2008-ci il tarixdə Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib: “Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə
və adlarını bilmədiyim başqa şəxlərlə birlikdə kafemə gələrək Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğumu bildirdi. Mən bundan imtina etdim. Bu söhbət zamanı işlətdiyim kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışım Elxan Əliyev də yanımızda olub. Söhbət zamanı Elxan Əliyevdən söhbətə qoşulmasını istəsəm də, sonuncu imtina edərək oradan ayrılıb”.
“Dost tanışların tələbi ilə şikayət etməyə başladım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev onu MTN-nin Səlim adlı əməkdaşı axtardığını deyib: “Səlim adlı şəxsin mobil telefon nömrəsini mənə verdi. Bundan sonra Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxladım, Səlimlə birlikdə MTN-ə Akif Çovdarovun otağına daxil oldum. Akif Çovdarov məndən Zakir Musatafayevə 200.000 ABŞ dolları borclu olduğumu, əgər həmin məbləğdə pulu qaytarmasa məni əcnəbi kimi qeydiyyata aldıraraq Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə məni həbs edəcəklərini bildirdi. Mən də Akif Çovdarovla razılaşdım. Buna görə Akif Çovdarov mənim şəxsiyyət vəsiqəmi alsa da, Sabunçu rayon Polis İdarəsinə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. Bu barədə Səlim adlı şəxsə bildirməyim üçün qonşum Tofiq Əliyevə dedim. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edildi və ölkə xaricinə çıxışıma qadağa qoyuldu. Ölkə prezidentinə etdiyim müraciətdən sonra şəxsiyyət vəsiqəmi bərpa edə bildim. Daha sonra Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun məndən 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsəm də, iddiam təmin edilmədi. Bununla
bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət etdim, orada cinayət işi istintaq edildi və Sabunçu rayon prokurorluğuna göndərildi. Akif Çovdarov və Səlim Məmmədov şəxsiyyət vəsiqəmi əlimdən aldıqdan sonra qorxduğuma görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəmin itirildiyini bildirmişəm. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başladım”.
Zakir Bədəlov ifadə verdiyi zaman Akif Çovdarovun qohumu olduğunu deyib. Akif Çovdarov Zakir Bədəlovun ifadəsinə münasibət bildirərkən deyib ki, Zakir Bədəlov nazirliyə borca görə çağırılmayıb: “Gürcüstan daxili işlər nazirinin müavini ilə danışıq zamanı bildirildi ki, 6 nəfər şəxsin telefon nömrələri dindirilməlidir. Onlar Azərbaycana narkotik maddə keçirməkdə şübhəli bilinirdilər. Həmin şəxslərin də biri Zakir Bədəlov idi. Zakir mənim uzaq qohumum olduğu üçün onunla bu haqda nazirliyə dəvət edib, danışdıq. Həmçinin biz Zakiri agent kimi çağırmışdıq. Sonra məlum oldu ki, bu işdə Zakirin heç bir günahı yoxdur. Həmin şəxslər əməliyyat nəticəsində Gürcüstanda həbs edildi”.
Sonra şahid qismində Zakir Bədəlovun həyat yoldaşı Nazilə Bədəlova ifadə verib. Nazilə Bədəlova qeyd edib ki, Qusar rayonunda anadan olub və Azərbaycan vətəndaşıdır: “Rəsmxətt müəllimi işləyirəm. Azərbaycan vətəndaşını Azərbaycandan başqa bir ölkəyə necə deportasiya etmək olar? Bunu yəqin ancaq Akif Çovdarov bilir”.
Nazilə Bədəlova daha sonra ifadəsində həyat yoldaşının Zakir Mustafayevdən pul almasını, sonra həmin pulu qaytarılmasından danışıb. Qeyd edib ki, həyat yoldaşı ona Zakir Mustafayevin daha
200.000 ABŞ dolları tələb etdiyini bildirib: “Bundan sonra ərim ilə birlikdə hüquq mühafizə orqanlarına şikayət etməyə başladıq. Xatırlamadığım tarixdə Zakir Bədəlov mənə qonşusu Tofiq Əliyevin MTN-nin vəzifəli şəxsi Akif Çovdarovun işçisi, soyadını bilmədiyim Səlim adlı şəxsin onu çağırdığını, buna görə getməli olduğunu deyib və yaşadığı evdən çıxıb. Bir qədər sonra Zakir mənə zəng edərək MTN-də olduğunu, orada saxlanılacağını, şəxsiyyət vəsiqəsini və pasportunun əlindən alındığını bildirib. Mən isə Zakir Bədəlovun evdən çıxmamışdan əvvəl dəftərə yazaraq qoyduğu nömrəyə zəng edərək Akif Çovdarovla danışdım, ərimin qısa müddət ərzində buraxılmasını tələb etdim, əks təqdirdə bununla bağlı prezidentinə müraciət edəcəyimi dedim. Bir neçə saatdan sonra Zakir yaşadığımiz evə qayıtsa da, şəxsiyyət vəsiqəsi və pasportu yanında olmayıb. Zakir Bədəlov Akif Çovdarovun onun şəxsiyyət vəsiqəsini və pasportunu aldığını, Zakir Mustafayevə borclu olduğu 200.000 ABŞ dollarını verməsini, əks təqdirdə onu ölkədən deportasiya edəcəyi ilə hədələdiyini dedi”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?