Səlim Məmmədov: “Zakir Bədəlova qohumu Akif Çovdarova müraciət etməsini məsləhət bildim”
Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.
Cinayət işi üzrə təqsirləndirilən şəxs Səlim Məmmədovun maraqlı ifadələri ilə yadda qalıb. Qəzetimizin ötən saylarında Səlim Məmmədovun MTN-də keçdiyi xidmət və törədilən cinayətlərlə bağlı bir neçə epizod üzrə ifadəsini dərc etmişdik. Səlim Məmmədovun ifadələrini dərc etməkdə davam edirik.
Səlim Məmmədov bildirib ki, Azər Quliyev adlı şəxsi tanımır və xatırlamır, həmin şəxsin sabiq baş idarə rəisi Akif Çovdarovun qəbulunda olub-olmadığını bilmir: “Bakı şəhərində “Borçalı” restoranı yaxınlığında Azər Quliyevdən15000 ABŞ dolları məbləğində pul almamışam. Xətai rayonu, məhəllə 2942 A, Məhəmməd Hadi və İ.Zülfüqarov küçələrinin kəsişməsində “Babək- 94” MKM tərəfindən inşa olunmuş yeni tikili binada iki ədəd mənzili tanışı olan Kazım Bağırovun adına heç bir pul vəsaiti ödəmədən rəsmiləşdirməsində iştirak etməmişəm. Kazım Bağırov adında tanışım və yaxud tanıdığım şəxs olmayıb. Xidmət etdiyim baş idarədə Əziz adlı əməkdaş işləyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Neman Kərimov, Elvin Mövsümov və Sevinc Rüstəmovanı xatırlamıram: “Neman
Kərimova qarşı edilən hərəkətlər barədə ümumiyyətlə bir söz deyə bilmirəm. Heç vaxt qanunsuz hərəkətlərə yol verməmişəm. Hesab edirəm ki, sualda adları çəkilən şəxsləri Vüqar Muxtarov MTN-nə gətirmişdirsə bu barədə onun daha yaxşı məlumat olmalıdır”.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zakir Bədəlovun qanunsuzluqlara məruz qalması epizodu üzrə dindirilərkən Səlim Məmmədov göstərib ki, Zakir Bədəlov onunla qonşuluqda yaşayır: “Zakir Bədəlovun işlətdiyi “Tamara-Borçalı” kafesində yubiley mərasimində iştirak etmişəm. Həmin vaxt dostum Tofiq Əliyev həmin vaxt məni Zakir Bədəlovla tanış edib, Zakir Bədəlovun həmin restoranın sahibi olduğunu bildirib. Xəbərim olmadan Tofiq Əliyev mobil telefon nömrəmi Zakir Bədəlova verib. Tarixini dəqiq xatırlamadığım bir vaxtda Tofiq Əliyev mənə Zakir Bədəlovun Gürcüstan Respublikasında hüquq-mühafizə orqanlarında işləyən qohumunu Azərbaycan Respublikası MTN-ə işə düzəltmək istədiyini bildirdi. Habelə Zakir Bədəlov Akif Çovdarovun onun qohumu olduğunu dedi, Akif Çovdarovla görüşmək istədiyini bildirdi. Mən isə başqa ölkənin əməkdaşının Azərbaycan Respublikası MTN-də işə düzəlməyinin qeyri-mümkün olduğunu bildirsəm də, Zakir Bədəlovun sözlərini və xahişini Akif Çovdarova çatdıracağımı bildirdim”.
Səlim Məmmədovun sözlərinə görə, daha sonra Akif Çovdarovun xidməti otağında görüşüb, ona Zakir Bədəlov barədə danışıb və Zakir Bədəlovun Akif Çovdarovun qohumu olduğunu dedim: “Həmin vaxt Akif Çovdarov Zakir Bədəlovu tanıdı. Akif Çovdarov da həmçinin başqa ölkənin vətəndaşının Azərbaycan Respublikası MTN-də işə düzəlməyinin qeyri-mümkün olduğunu dedi, habelə Zakir Bədəlovla daha sonra görüşəcəyini bildirdi. Bundan sonra dostum Tofiq Əliyev dəfələrlə mənə müraciət edərək Zakir Bədəlovun qohumu Akif Çovdarovla görüşmək istədiyini bildirdi. Mən də hər dəfə bu
barədə Akif Çovdarova demişəm. Akif Çovdarov isə vaxtı olanda Zakir Bədəlovla görüşəcəyini söyləyib. Bir müddət sonra Akif Çovdarov mənə Zakir Bədəlovun görüş təklifini qəbul etdiyini və onunla görüşəcəyini bildirdi. Zakir Bədəlovun qonşum olduğunu bildirdim. Bu zaman Akif Çovdarov Zakir Bədəlovu tez qəbul edib və tez də yola salacağını dedi. Bir neçə gün sonra Zakir Bədəlovu çağıtdırararaq Akif Çovdarovun onunla görüşməyə razılıq verdiyini dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomaşını ilə Zakir Bədəlovla birlikdə MTN-nə gedib: “MTN-nin giriş hissəsində Akif Çovdarova zəng edərək gəldiyimi bildirdim. Akif Çovdarov isə komendantlıqda işləyən şəxslərə məni və Zakir Bədəlovun qeydiyyatdan keçmədən onun xidməti otağına qalxmağımıza imkan yaratmaqları üçün tapşıracağını bildirdi. Akif Çovdarovun tapşırığından sonra Zakir Bədəlov MTN-nin həyətinə buraxıldıq. Zakir Bədəlovu Akif Çovdarovun xidməti otağına qədər müşayiət etdm. Otağa daxil olduqdan sonra Akif Çovdarovun baş işarəsi ilə otağı tərk etdim. Buna görə də Akif Çovdarovla Zakir Bədəlov arasında olan söhbətlərdən, Zakir Bədəlovun Akif Çovdarovun xidməti otağından nə vaxt və kimin vasitəsi ilə çıxmağından hər hansı məlumatım olmayıb”.
Səlim Məmmədov qeyd edib ki, bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlamaq lazım olduğunu bildirib: “Buna görə də MTN-nin VI Baş idarəsinin əməkdaşlarından biri Akif Çovdarovun adından Dövlət Miqrasiya Xidmətinə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsi ilə bağlı sorğu göndərdi. Həmin sorğuya cavab olaraq Zakir Bədəlovun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edildi. Bir müddət sonra Tofiq Əliyev Zakir Bədəlovun mənimlə görüşmək istədiyini bildirsə də, görüşə vaxtım olmadığı üçün sonuncu ilə görüşə bilməmişəm. Tofiq Əliyev bir daha ona zəng edərək Zakir Bədəlovun vəziyyətinin
pis olduğunu, restoranının girovda olduğunu deyərək ona köməklik göstərməsini xahiş etdi. Zakir Bədəlova yazığım gəldiyindən və dostum Tofiq Əliyevin xahişini yerə salmaq istəmədim. Buna görə də Zakir Bədəlovla Tofiq Əliyevin yaşadığı evin yaxınlığındakı hamamın yanında görüşdük. Ayaqüstü söhbət edərkən Zakir Bədəlov şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyini bildirdi. Lakin hansı səbəbdən fəaliyyətsizləşdirildiyini demədi. Buna görə Zakir Bədəlov məndən kömək istədi. Bununla bağlı ona hər hansı köməklik göstərə bilməyəcəyimi dedim. Zakir Bədəlov məndən məsləhət istədi. Mən isə sənədin kötüyünü tapıb, həmin sənəd əsasında şəxsiyyət vəsiqəsini bərpa etdirə biləcəyimi dedim. Zakir Bədəlov isə qızı Tamara Bədəlovanın Gürcüstan Respublikasına nifrət etdiyi üçün onun bütün sənədlərinin kötüklərini yandırdığını bildirdi. Bundan sonra təkidlə məndən kömək istədi. Zakir Bədəlova qohumu Akif Çovdarova müraciət etməsini məsləhət bildim. Bu söhbətimizdə Tofiq Əliyev də iştirak edib”.
Səlim Məmmədov əlavə edib ki, bundan sonra Zakir Bədəlovla bir neçə dəfə yolda rastlaşıb: “Zakir Bədəlovla görüşsəkdə, aramızda başqa hər hansı söhbət olmayıb. Həmin söhbətdən 1-2 il sonra Tofiq Əliyev mənə Zakir Bədəlovun yeni şəxsiyyət vəsiqəsi aldığını bildirdi. Zakir Bədəlovun şəxsiyyət vəsiqəsinin hansı orqan tərəfindən və nə səbəbə fəaliyyətsizləşdirilməsi barədə hər hansı məlumata malik deyiləm”.
Səlim Məmmədov habelə göstərib ki, o, rəisi Akif Çovdarovun göstərişinə əsasən Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlatdırıb: “Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini əlindən almamışam. Akif Çovdarov və Zakir Bədəlov arasında olan söhbətlərdən xəbərim yoxdur. Zakir Bədəlovla bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamışam”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?