15 minədək zabit müdafiə nazirini nəyə görə qınayır?
Azərbaycan ordusunun daxilində müdafiə naziri Səfər Əbiyevdən çoxsaylı narazılıqların olduğu sirr deyil. Onsuz da korrupsiya, əsgər ölümləri və digər neqativ hallarla bağlı istər ictimai rəydə, istərsə də KİV-də ciddi qınaq hədəfi olan Əbiyevin Müdafiə Nazirliyi sistemində də müxaliflərinin olması haqqında mətbuat xeyli vaxtdır danışır. Mətbuatın versiyalarına görə, hazırki müdafiə nazirini ordunun zabit korpusunda hərbçilərin sosial durumlarının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmamaqdan tutmuş regionçuluq meyllərinin artması kimi bir çox məsələlərə görə sevmirlər. Bununla bağlı unikal.org saytında yer alan məlumata görə, xüsusilə Silahlı Qüvvələrin zabitlərinin böyük əksəriyyətinin evsiz olması və uzun müddətdir bu istiqamətdə müraciətlərə, tələblərə rəğmən problemin həlli yönündə diqqətçəkən heç bir addımın atılmaması artıq narazılıqları son həddə çatdırıb.Artıq ehtiyatda olan 9 zabiti mənzil təminatı ilə bağlı məsələ qaldırdığı, bunun üçün hərbi yönümlü qeyri-hökumət təşkilatlarına müraciət etdiyi bildirilir. Maraqlıdır ki, cəmiyyətdə daha çox Əbiyevin idarəçiliyini kəskin tənqid etmələri ilə məşhur olan ictimai birliklərə üz tutan zabitlər onlardan kömək gözləməyə başlayıblar. Ekspertlər isə xatırladırlar ki, ölkə qanunvericiliyində zabitlərin mənzil hüquqlarının təmin olunması ilə bağlı müvafiq maddələr var və qanunvericiliyin bu tələbinin Azərbaycanda gerçəkləşdirilməməsi həm təəssüf, həm də təəccüb doğurur. Nəzərə alsaq ki, ölkədə dövlətin mənzillə təmin etməyə borclu olduğu 14-15 min nəfərə yaxın zabit var və onların böyük qismi problemlərinin yoluna qoyulmamasına görə ilk öncə Müdafiə Nazirliyi rəhbərliyini ittiham edirlər, o zaman Silahlı Qüvvələr daxilində Səfər Əbiyevdən əsas narazılıqların həm məzmununu, həm miqyasını təsəvvür etmək bir o qədər də çətin deyil. Maraqlı burasıdır ki, ekspertlər mətbuata açıqlamalarında 20 təqvim ilindən çox Silahlı Qüvvələrdə xidmət etmiş zabitlərin evlə təmin olunmasının qanunda əksini tapdığını, bununla bağlı 2012-ci ildə dövlət başçısı İlham Əliyevin sərəncam imzaladığını xatırladırlar. Amma buna baxmayaraq, məsələ hələ də həllini tapa bilmir. Görəsən, niyə? Bəzi ehtimallara görə, bu, Səfər Əbiyevin iqtidar içindəki rəqiblərinin işidir. Onlar bununla Müdafiə Nazirliyi sistemində narazı əhval-ruhiyyənin qalmasını təmin edirlər. Məqsəd isə Əbiyevin dayaqlarını tamamilə sarsıdaraq, onun hətta ordunun özündə belə, təklənməsini təmin edərək görəvdən alınmasına nail olmaqdır. Anti-Əbiyevçilər hesab edirlər ki, zabitlərin mənzillə təminatına start versələr, bu, müdafiə nazirinin aktivinə yazılacaq və onun ordudakı təsir imkanları güclənəcək. Əlbəttə, belə bir hal iqtidar daxilindəki Səfər Əbiyev əleyhdarlarını məmnun edə bilməz, ona görə də onlar bu istiqamətdəki bütün mümkün təşəbbüsləri önləməyə çalışırlar. Başqa bir versiyaya görə isə, Müdafiə Nazirliyi rəhbərliyinin özü indiyədək zabitlərin mənzil təminatı ilə bağlı hər hansı ciddi təşəbbüs göstərməyib və bunu bilən çoxminlik ordu zabitləri də öz incikliklərini və qınaqlarını ilk növbədə Səfər Əbiyevə yönəldirlər. Maraqlı burasıdır ki, evlə təmin olunmayan və hərbi hissələrdəki açıq və ya qapalı şəhərciklərdə yaşayan ehtiyatda olan zabitlərin böyük bir hissəsi illərdir ki, bütün instansiyalara müraciət edirlər, bütün instansiyalar da adətən zabitlərə cavablarında tələblərində haqlı olduqlarını bildirsələr də, bu, sözdən o yana keçmir. Digər tərəfdən, bununla bağlı məhkəməyə müraciət edən ehtiyatda olan zabitlərin də az olmadığı bildirilir. Situasiyanın bu cür olması da belə iddiaları təsdiqləyir ki, ordu içində Səfər Əbiyevdən narazılıqların olmasında və bu narazılıqların güclənməsində maraqlı olanlar var. Onların həm ictimai rəyi, həm media gücünü, həm də zabitlərin qınaqlarını istifadə edərək hazırki müdafiə nazirinin "vurulmasına" nail olub-olmayacaqlarını isə zaman göstərəcək. Hələlik görünən odur ki, Əbiyev ona qarşı hücumlara müqavimət göstərə və postunu qoruya bilir. Maraqlısı bunun nə vaxta kimi davam edəcəyidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?