“Dəyər” Demokratiyanın İnkişafına Dəstək İnstitutu İctimai Birliyinin sədri Rəhman Əhmədov gənclərin təhsil almasında olan problemlərdən danışdı.
Rəhman bəy, bir gənc olaraq bu gün Azərbaycan gənclərinin təhsil almasını necə qiymətləndirirsiniz? – Əslində bu gün elə bir dövrdür ki, insanları sovet dönəmində olduğu kimi diploma görə deyil, peşəkarlığına, bilik və bacarığına görə qiymətləndirirlər. Mən Avropada olmasa da Türkiyədə təhsil aldığımdan müqayisə edə bilirəm. Prosesə o tərzdən baxmaq lazımdır ki, biz hələ də sovet düşüncəsindən ayrılmayaraq diplom almaq həvəsilə yaşayırıq. Bu gün bizim cəmiyyətdə sanki bir dəb kimi hamı diplom əldə etmək eşqindədir. Buna görə də valideynlərin diktəsi, normal təhsil almaq iqtidarında olmayan gənclərin arzusuyla Rusiyada, Ukraynada peşəkarlıqdan və dünya təhsil səviyyəsindən kifayət qədər geri qalan Universitetlərdə gənclərimiz diplom növbəsinə dayanmışlar. Azərbaycanda universitetə qəbul olmaq çətindir. Türkiyədə isə qəbul olmaq asandır, oxumaq çətin. Buna görə də ölkədə peşəkar mütəxəssis kəmiyyət baxımından çox, keyfiyyət baxımında yox dərəcəsindədir. Sizcə, Azərbaycanın təhsil sistemində olan narahatlıqları daha nələrdə görürsünüz? – Mən təhsil sistemi ilə yanaşı peşəyə yiylənmə ilə bağlı da tənqidi fikir irəli sürə bilərəm. Deyilən fikirlər kifayət qədər əsaslıdır. Hökumət dünya standartlarına cavab verən Amerika və Avropada gənclərin təhsil almasına maraq göstərmir və bu istiqamətdə təbliğat aparılmır. Əksinə Ukrayna, Rusiya, Gürcüstan və s. ölkələrin ali məktəbləri ilə bağlı ciddi təbliğat həyata keçirilir. Çünki, adıçəkilən ölkələrdə təhsil almaq daha asandır və keyfiyyət olduqca aşağıdır. Ölkəmizdə isə orta məktəblər artıq sıradan çıxıb. Abituriyentlər repititor yanında hazırlıq keçirlər. Orta məktəblər formal olaraq attestat verməklə məşğuldur. Ali məktəbləri qurtaran gənclər isə olduqca zəif təsir bağışlayırlar. Bunu əslində hökumət özü də etiraf edir. Artıq bir neçə ildir ki, məktəblərə müəllimlər xüsusi attestasiyadan keçərək qəbul edilirlər. Yəni Təhsil Nazirliyi özü verdiyi diploma hələ də şübhə ilə baxır. Rəhman bəy, sizcə gəncləri daha bilikli, dünyagörüşlü, dəyərlərə önəm verən vəziyyətə gətirmək üçün nələr etmək olar? – İlk növbədə hökumət Avropa dəyərlərinə, orada olan təhsilə, peşəkarlığa diqqət yetirməlidir. Bu gün dünyada özünü göstərmək üçün yeganə yol təhsil yoludur. Çox təəssüf ki, bu gün bizim təhsilimiz Avropa təhsili ilə yox, Türkiyə təhsili ilə də ayaqlaşmaq iqtidarında deyil. Bizim gənclər Avropaya təhsil dalınca getməkdənsə Rusiyanın qara bazarlarına üz tutur. Bu zaman isə artıq onların təhsil alması qeyri-mümkün olur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?