Müsavat Partiyasının Şəki şəhər təşkilatının həbsdə olan fəalı Yusif Qarayev azadlığa buraxılmayıb. Qərarı Şəki Apellyasiya Məhkəməsi martın 2-də çıxarıb. Bu haqda müsavatçının vəkili Nemət Kərimli məlumat verib. Vəkilin təqdim etdiyi apellyasiya şikayətində Y.Qarayevin əsassız, sırf siyasi fəaliyyətinə görə, həbs edildiyi bildirilir, rayon məhkəməsinin qərarının ləğv edilməsi istənilirdi. Ancaq məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib. Şəki rayon Məhkəməsinin müsavatçını inzibati həbsə məhkum edən qərarı qüvvədə saxlanıb. Xatırlatma Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev fevralın 24-də saxlanmışdı. Şəki rayon Məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs etmişdi. Müsavat Partiyasının həbs olayı ilə bağlı açıqlamasında isə qeyd edilirdi ki, Y.Qarayevi polis əməkdaşları evindən aparıblar. Onun həbsinin əsil səbəbi fevralın 19-da mənzilində Müsavatın zona müşavirəsinin keçirilməsinə şərait yaratması olub. Ötən ay Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyasının Şəki təşkilatları qərargahdan çıxarılıblar. Bu qərargahı icarəyə verən şəxsin polisə şikayəti ilə izah edilib. Hər iki müxalif partiyanın yerli təşkilatı eyni binada qərargah tutmuşdular.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?