Fevralın 9-u Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının Şəki şöbəsinin qərargahı boşaldılıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb: «Bildiyiniz kimi, şöbənin sədri İslam Həsənova 25, Gənclər Komitəsinin sədri Samir Həsənova 20 sutka həbs cəzası verilib. Polis əməliyyatının növbəti mərhələsi bu gün də davam edib. Ali Məclis üzvü Əli Abdullayev polisə çağrılıb . Şöbədə Əli Abdullayevdən guya AXCP Şəki şöbəsinin qərargahı yerləşən binanı özəlləşdirən şəxsin şikayəti əsasında izahat alınıb. Həmin şəxs şikayət ərizəsində yazıb ki, guya şöbə rəhbərliyinə xəbərdarlıq etməyinə baxmayaraq, onlar binanı boşaltmaqdan imtina ediblər. Əslində isə belə bir şey olmayıb, hər şeyi Şəki polisi təşkil edib. Hazırda polisin və əmlak şöbəsi işçilərinin iştirakı ilə qərargah boşaldılıb».
HAKİMİYYƏT HÜCUMA KEÇİB
Həmin binada Müsavat Partiyasının yerli təşkilatı da fəaliyyət göstərib. Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə azadlıq radiosu-na deyib ki, hakimiyyət müxalifətə növbəti dəfə hücuma keçib: «Bizə xəbərdarlıq etmədən Müsavat Partiyasının Şəki təşkilatının sənədləri küçəyə tökülüb. Hakimiyyət bizə açıq hücuma keçib. Hakimiyyət hücum vəziyyətindədir. Mən buna başqa ad verə bilmirəm». Məsələyə, hələlik, Şəki rayon Polis Şöbəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin münasibətini almaq mümkün olmayıb. Ölkənin əksər rayonlarında AXCP və Müsavatın qərargahları yoxdur. Onların bir qismi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən, bir qismi də 2003-cü il prezident seçkisindən sonra sözügedən müxalifət partiyalarının rayon şöbələrinin əlindən alınıb.
Sorğu
Yeni dizaynımız necədir?