Həbsdə olan bloqqer Mehman Hüseynova bəraət verilməsi tələbi ilə imza toplama kampaniyasına başlanılıb.
Bu barədə Mehman Hüseynovun facebook səhifəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə bəyanatı yerləşdirilib.
Müraciətdə M.Hüseynovun 2017-ci il yanvarın 9-da saxlanılması, işgəncələrə məruz qalması, ardınca böhtana görə həbs edilməsi haqda detallı bilgi verilir. “Biz Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq tanınmış jurnalist və bloqer Mehman Hüseynovun siyasi sifariş nəticəsində məhkum olunmasını pisləyir və Azərbaycan hakimiyyətindən onu dərhal azadlığa buraxmağı tələb edirik”, sənəddə qeyd edilir. Sənəddə 2012-ci ildə Azərbaycanda keçirilən Eurovision yarışması öncəsi “Demokratiya üçün oxu” kampaniyasındakı media ilə əlaqələndirici fəaliyyətinə görə Mehman Hüseynovun barəsində cinayət işi açılması, onun ölkədən çıxışına qadağa qoyulması xatırladılır. “Biz vətəndaş cəmiyyəti fəalları olaraq Mehman Hüseynovun həbsi ilə əlaqədar martın 29-da keçiriləcək apelyasiya məhkəməsində ədalətli qərarın çıxarılmasına, Mehmana tam bəraət verilməsinə və ona qarşı işgəncə tətbiq etmiş polislərin cəzalandırılmasına çağırırıq”, sənədin sonunda qeyd edilir.
Xatırladaq ki, M.Hüseynov yanvarın 9-da axşam yoxa çıxmışdı.Bir gün sonra Nəsimi rayon məhkəməsinə çıxarılarkən onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon məhkəməsi M.Hüseynovu polisin qanunu əmrinə tabe olmamqda təqsili bilərək barəsində 200 manat cərimə olunması qərarı çıxarmışdı. Bloqqer məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi. Həmin açıqlamanı polisə böhtan sayan Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi. Suraxanı Rayon Məhkəməsi isə martın 3-də həmin şikayət əsasında M.Hüseynovu 2 il müddətinə azadlıqdan məhrum edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?