Tofiq Məmmədov: “Bəli, biz başa düşürük ki, imtiyaza malik olmayanlar kommunal xidmətlərdən istifadəyə görə borcunu ödəməlidir”
Bölgələrdə sosial problemlər tüğyan etdikcə və bir çox vəzifə sahibləri daşıdıqları vəzifələrinin öhdəsindən lazımınca gələ bilmədikcə, imkansız ailələrin narazılığı “pik nöqtə”yə çatır. Faciə odur ki, narazılıq hissini ifadə edənlər daha çox aztəminatlı ailələrin üzvləri olurlar və onlar problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlara davamlı müraciətlərini ünvanlasalar da, problemləri həll olunmur ki, olunmur. Belə ailələrdən biri də, Astara rayonu Ərçivan qəsəbə sakini olan Məmmədovlar ailəsinin üzvləridirlər. Bü günlərdə “Gündəm Xəbər”ə təkrar müraciətini ünvanlayan və adı çəkilən qəsəbənin sakini Məmmədov Tofiq Oruc oğlu əməkdaşımıza bildirir ki, “bizim ailə qəsəbənin ən imkansız ailəsidir. Çünki, səkkiz nəfərlik ailə üzvlərimizin dolanışığı olduqca ağır durumdadır. Belə ki, atam ahıl yaşına çatdığından səhhətində əmələ gələn problemlər, onun hər hansı əmək fəaliyyəti ilə məşğul olmasına heç cür imkan vermir. 62 yaşlı anam isə, Ərçivan qəsəbə kənd orta məktəbində xadimə işləyir və ayda 110 manat əmək haqqı alır. Bacım Fatma Məmmədovanın adına 60 manat ünvanlı sosial yardım verilirdisə, artıq üç aydır ki, həmin yardım da dayandırılıb. Bir sözlə, dolanışığımız olduqca ağır durumdadır. Qış fəsli gələndə isə, vəziyyətimiz daha da ağırlaşır. Çünki, kommunal xidmətlərdən istifadəyə görə borcumuz əmələ gəlir və sonra da, həmin borcları ödəyə bilmirik. Məsələn, ötən ilin qış fəslində mavi qazadan istifadəyə görə 293.60 manat borcumuz əmələ gəldi və yaranmış borcu imkansızlıq ucbatından ödəyə bilmədiyimizə görə, 02 noyabr 2016-cı il tarixdə Rayon Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən qaz xəttimiz qaynaqla kəsildi. Bu gün isə ailəmizin qarşısına “yaranmış borc ödənilməzsə mavi qazın bərpası mümkün olmayacaq” deyə şərt qoyublar. Bəli, biz başa düşürük ki, imtiyazı olmayanlar kommunal xidmətlərdən istifadəyə görə borcunu ödəməlidir. Bu gün isə bizim ailənin durumunu bir kimsə nəzərə almır ki, səkkiz nəfərlik ailə üzvləri 110 manata möhtac qalıb. Ailəmizdə azyaşlı körpə, ahıl yaşında xəstə valideyinlərimiz var. Müəyyən işlə təmin olunmaq məqsədilə dəfələrlə rayon rəhbərliyində olan şəxslərə, ayrı-ayrı vəzifə sahiblərinə müraciətlər etsəm də, bir kimsə müraciətlərimə heç bir halda məhəl qoymayıb. Hətta mavi qazdan istifadəyə görə əmələ gələn 293.60 manat borcun ödənilməsi üçün, bir çox imkanlı şəxslərə köməklik göstərilməsi üçün də xahişlər etmişəm. Həmin şəxslər də xahişimi nəzərə almayıblar. Bu gün ailə üzvlərimizdən əmək qabiliyyəti olanları hər hansı işlə təmin etmirlər ki, birtəhər dolanışığımızı təmin edək. İndi biz nə etməliyik, necə dolanmalıyıq?” Bəli, bu Məmmədovlar ailəsinin faciəsi, üz-üzə qaldıqları problemlərin varlığıdır. İndi olub keçənlərə diqqət yetirək və bəzi məqamlara aydınlıq gətirməyə də çalışaq. Bir halda ki, Tofiq Məmmədovun qeyd etdiyi kimi, ay ərzində səkkiz nəfərlik ailə üzvləri 110 manata möhtac qalırlar, o halda həmin ailəyə niyə köməkliklər göstərilməsin? Axı, qəbul olunmuş “Dövlət Proqramı”nda aztəminatlı ailələrə müəyyən dövlət yardımların, bəzi təminolunmaların tətbiqi nəzərdə tutulub? Mövzu diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?