Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirmək üçün mayın 20-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib Komitənin sədri Elçin Namazov “Media forum” saytına deyib ki, aksiyanı iyunun 1-i saat 16-dan 18-dək Bayıl qəsəbəsində yerləşən sürücülük məktəbinin həyətində keçirmək niyyətindədirlər və meriyaya göndərdikləri məktubda da bunu bildiriblər. Mitinqdə “Qanunsuz həbslərə son qoyulsun!”, “Qanunsuz həbs olunanlar dərhal azad edilsin!”, “Konstitusion hüquq və azadlıqlarımızın tapdanmasına dözməyəcəyik!”, “Vicdan məhbuslarına, siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndirmək planlaşdırılır. Elçin Namazov açıqlamasında aksiyanın təkcə Taleh Bağırovun müdafiəsi üçün nəzərdə tutulmadığını da qeyd edib: “Son dövrlər haqsız yerə həbs olunmuş bütün insanların, islamçıların, siyasi partiya üzvlərinin, gənclər təşkilatlarının üzvlərinin və digərlərinin həbsinə etirazımızı bildirəcəyik. Bütün siyasi partiyalara, hüquq müdafiə təşkilatlarına, müdafiə komitələrinə, gənclər təşkilatlarına, vicdan məhbuslarının yaxınlarına aksiyada iştirak üçün müraciət edəcəyik”. Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən komitə mayın 10-da yaradılıb. Komitədə Namizəd Səfərov, Mirqasım Əliyev, Qurban Məmmədov, Natiq Ədilov, Abuzər Cəfərli, Kənan Rövşənoğlu, Aqil Ələsgər, Arzu Abdulla, Emil Rahiloğlu, Vidadi İsgəndərli və digərləri təmsil olunurlar.
Sorğu
Yeni dizaynımız necədir?