Şirkətin rayonun kanalizasiya və su xətlərinin çəkilişi layihəsində inanılmaz özbaşınalıqlar baş alıb gedir
2011 – ci ilin avqust ayından Şəmkir rayonunda Akkord korporasiyasının Su və kanalizasiya tikintisi departamenti tərəfindən aparılan kanalizasiya və su xətlərinin çəkilişinin yubanması sakinlərin narazılığına səbəb olub. Məsələyə münasibət bildirən Akkord korporasiyasının su və kanalizasiya tikintisi departamentinin direktoru Fariz Cəmili aparilan tikinti işlərində heç bir gecikmələrin və nöqsanların olmadığını bildirib. Ancaq may ayının ortaları olmasına baxmayaraq , işlər yekunlaşmayıb və heç bir küçədə asfalt örtüyü çəkilməyib. Kim inanmırsa gəlib baxa bilər küçələrin bugünkü durumuna. Rayon sakinləri isə əsasən yol probleminin həllini və zədələnmiş su kəmərlərinin bərpasını istəyirlər. Yollarda aparılan qazıntı işləri rayonun infrastrukturuna, nəqliyyatın gediş-gəlişinə, təcli və təxrəsalınmaz yardım stansiyasının işinə mənfi təsir göstərir. Belə ki, yollarda yaranmış avtomobil tıxacları xəstələrin çağırışına gedərkən gecikmələr yaradır. İstərdik ki, bu layihədə baş verən qanunsuzluqlardan bəzilərini nəzərə çatdıraq. Bu layihə Azərsu dövlət şirkətinin sifarişi ilə həyata keçirilir. Podratçı şirkət Akkord olsa da burada 17 subpodrat şirkət işləyir. Akkordun öz işçiləri isə əsas işlərdən uzaqlaşdırılıb. Bu subpodratların gördüyü işin keyfiyyəti isə çox aşagıdır. Ancaq bu subpodratların rəhbərləri ilə su və kanalizasiya departamenti rəhbərliyinin apardığı “danışıqlar” yaranmış bütün nöqsanları baglayır. Şərhə ehtiyac varmı? Bu layihəni “bataqlıq” adlandırırlar.Bura həqiqətən bataqlıqdır,girdinsə çıxmaq olmur. İndiyə kimi bu layihədə 3 rəhbər dəyişib. Guya işlərinin öhdəsindən gələ bilmədikləri üçün. Ancaq department direktoru Fariz Cəmiliyə nədənsə bir söz deyən olmadı. Hərçənd ki birbaşa məsuliyyət məhz onun boynuna düşür. Aparılan qazıntı işləri elə vəziyyədədir ki, bu adamın işinin” peşəkarı” olduguna 100 faiz əmin olursan. Hər gün layihəyə dəstə-dəstə adamlar şikayətə gəlir. İdarəetmə qabiliyyəti olmayan, iş bilməyən insanları layihəyə cəlb edib küçələri pis günə qoymaq, Akkordun çətinliklə qazanılmış imicini korlamaq kimə lazımdır? Qeyd edək ki, layihədə heç bir istirahət günü yoxdur, işçilər həftənin yeddi günü işləyirlər. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü fəslinin 89-cu maddəsinin 2 –ci və 3- cü bəndlərinə ziddir.Layihədə işçilərə verilən gündəlik 3 dəfə yemək təminatı bərbad vəziyyətdədir.Ucuz və keyfiyyətsiz ərzaqlardan hazırlanan yeməklər işçilərin saglamlığına mənfi təsir göstərir. Yeməkxana ilə baglanan müqavilədə göstərilən və işçilərə verilməli olan meyvə,kompot və salatlardn isə söhbət gedə bilməz. Dəfələrlə narazılıq halları olsa da yeməkxananı işlədən əslən Kəlbəcər rayonundan olan Şaiq və Bəxtiyar adlı qardaşlar öz işlərindədirlər. Bu bir tərəfə qalsın, gündə işçilərə saat 11.00- dan 11.30-a qədər çay verilirdi. O da ləğv olunub. Bu qaydanı yaxında Şəmkirə gələn Su və kanalizasiya tikintisi departamentinin texniki şöbəsinin rəhbəri Fəxri Mirzəyev tətbiq etməyə başlayıb . Özünü layihə rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs adlandırır. Belə ki, layihədə iş vaxtının saat 9.00-da başlamasına baxmayaraq işçilərdən saat 8.00- da işə gəlmələrini tələb edib. 8.00 – da tabelə imza atmayan işçilərdən isə izahat tələb olunur. İşçilər buna etiraz etdikdə deyir ki, kim istəmirsə ərizə verib gedə bilər. Onsuz da ixtisar aparılacaq. Deyir ki, mən burda Fariz Cəmilinin nümayəndəsiyəm. Onu da qeyd etmək yerinə düşər ki, bu vəzifənin müvəqqəti olaraq Fəxri Mirzəyevə tapşırılması barədə heç bir yazılı və şifahi əmr yoxudr. Bu özbaşınalığa nə ad vermək olar? Şəmkir rayon icra hakimiyyətində keçirilən iclaslarda Akkord-un gördüyü iş dəfələrlə tənqid olunub. Qoy respublikanın tikinti nəhənglərindən biri olan,beynəlxalq sertifikat və mükafatlara layiq görülən Akkord korporasiyasının rəhbər işçiləri bu barədə fikirləşsinlər. Qeyd edək ki, yazılanlar nöqsanların hamısı deyil. Maraqlanan olsa başqa çatışmamazlıqları da sadalaya bilərik. Zaur
Sorğu
Yeni dizaynımız necədir?