- Bu günlər bir daha Azərbaycan vətəndaşlarının ən yüksək əxlaqi dəyərlərinə şahid oldum. Apardığım mübarizənin dəyərsiz olmadığını gördüm. Bəzən ən yaxınlarımın belə “sənin etdiklərin heç kimə lazım deyil”, “əbəs yerə özünü yorma” kimi ifadələrinin yanlış olduğunun şahidi oldum. Bu dəstəyə görə hər birinizə təşəkkür edirəm.
Əminəm ki, Azərbaycan vətəndaşlarının mənə olan zəngləri, sosial şəbəkələrdəki məktubları və digər dəstək addımları hakimiyyət təmsilçilərinin nəzərindən qaçmayıb. DİN rəhbərliyinin məni qəbul etməsi də bu dəstəyin nəticəsi idi. Bu günlər mənim təhlükəsizliyimi qorumaq, müdafiəm üçün kütləvi aksiyalar təşkil etmək kimi çoxsaylı təkliflər məsələnin tək mənə qarşı olan qanunsuzluq olmadığını göstərdi.
Mənim təmkinli davranışım onsuz da ölkədəki gərgin vəziyyəti ağırlaşdırmamaqdan irəli gəlir. Əgər kimlərsə mənim çəkindiyimi zənn edib baş verənləri ört-basdır etmək istəyirsə, yanılırlar. Bir daha təkrar edirəm, mən əqidə sahibiyəm. Əqidə sahiblərini isə qorxutmaq mümkün deyil.
Məsələ təkcə mənə qarşı olan qanunsuzlardan ibarət deyil. Taleh Bağırova, Rəşad Ramazanova və digər şəxslərə qarşı baş vermiş zorakılıq hadisələrini törətmiş məsul şəxslər aşkar edilib cəzalandırılmalıdır. Bütün baş verənlər sonadək araşdırılmayınca, cinayət törətmişlər məsuliyyətə cəlb olunmayınca mən mübarizəmdən çəkinən deyiləm. Bu mübarizədə həm ölkə daxilində, həm beynəlxalq aləmdə bütün qanuni üsullardan istifadə edəcəm.
Bir daha hakimiyyət təmsilçilərindən xahiş edirəm, Azərbaycan bizim ümumi vətənimizdir və burada kimlərinsə əlahiddə imtiyazlara malik olmasına, ölkənin talan edilməsinə, insanlarla kölə kimi davranılmasına, onların haqlarının pozulmasına imkan verilməsin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?