Yevda Abramov Quba hadisələrində təqsirli bilinənlərin Apelyasiya məhkəməsinə müraciətlərindən danışıb
“Quba hadisələrində təqsirləndirilənlərin yaxınlarını qəbul edirəm. Artıq məhkəmənin işinə qarışa bilmirəm”. Quba hadisələrində təqsirli bilinənlərin Apelyasiya məhkəməsinə müraciətləri ilə bağlı suala millət vəkili Yevda Abramov Modern.az-a belə cavab verib. O bildirib ki, artıq məhkəmənin işinə qarışa bilməz.
“Bu barədə bir neçə dəfə mətbuatda fikir bildirmişəm. Artıq məhkəmənin işinə qarışa bilmirəm. Vətəndaşın hüququ çatır ki, birinci instansiya məhkəməsinin qərarından apelyasiyaya şikayət etsin, oradan da Ali Məhkəməyə. Bu bütün mühakimə olunan vətəndaşın hüququdur. Onlar da sona kimi öz hüquqlarından istifadə etməlidirlər. Burada möcüzəli heç nə yoxdur. O ki, qaldı, birinci instansiya məhkəməsinin qərarına orada necə yanaşılacaq, qüvvədə saxlanılacaq, dəyişikliklər ediləcək onu demək çətindir. Amma onu deyim ki, hər bir hakim qanuna tabedir. Məhkəmə də hakimiyyətin bir qoludur. Təqsirli və təqsirsiz prezumsiyalarını məhkəmə həll edir”.
Quba məhkumlarının yaxınlarını qəbul etdiyini deyən millət vəkili onu da bildirib ki, o, Milli Məclisin nizamnaməsinə uyğun hərəkət edir: “Maraqlanmağın müəyyən formaları var. Biri var ki, müdaxilə edəsən, biri var mətbuatdan öyrənəsən, bir də var onların yaxınlarını qəbul edəsən. Hər kəs öz əmək fəaliyyətini qurur. Mən də Milli Məclisin nizamnaməsinə uyğun hərəkət edirəm. Qəbul etdiyim insanları dindirirəm. Tutulan tərəf təbii ki, şikayət edəcək. Mənə sağ ol deməyəcək. Amma yenə də deyirəm ki, mən Azərbaycan məhkəmələrinin ədalətliliyinə inanıram. Hər bir hakim özünü o kürsüdə olan insanın yerinə qoysa və qanunun aliliyinə hörmət etsə, bir təqsirsiz insan belə zindana düşməz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?