Azərbaycan hərbi xidmətə çağırışda vahid elektron informasiya sisteminə keçir
Azərbaycanın hərbi xidmətə çağırışda vahid elektron informasiya sistemi yaradılır. Bu barədə «Respublika» qəzetinə müsahibəsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
Bu sistemin mühüm yenilik olacağını deyən A. Rəhimovun sözlərinə görə, sistem vasitəsi ilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotunu aparmaq nəzərdə tutulur. İnformasiya sisteminin yaradılması ilə Xidmət hərbi mükəlləfiyyətlilərin ilkin hərbi qeydiyyatından başlayaraq ehtiyata verilməsinə qədər olan bütün dövrü elektron formada nəzarətdə saxlamaq imkanları əldə edəcək.
Xidmət rəisi qeyd edib ki, səfərbərlik və hərbi xidmətə çağırış sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Fəaliyyəti dövründə SHÇDX tərəfindən qanunlara əlavə və dəyişikliklərlə bağlı 400-dən artıq təklif verilib və onlardan 40-a qədəri qəbul edilib. Digər təkliflər üzərində də müvafiq strukturlar tərəfindən iş aparılır. Təkliflər sırasında xüsusi rütbəli şəxslərin hərbi qeydiyyatı və ehtiyata verilməsi ilə bağlı qanunun tətbiqinə, Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilən zaman tələb olunan sənədlər siyahısına “Hərbi vəzifə haqqında hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”nin əlavə edilməsinə dair məsələlər yer alır.
Bundan başqa, hərbi nizam-intizamın gücləndirilməsi, eləcə də vətəndaşların məsuliyyətini artırmaq məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?