“İspaniyada da prezident funksiyalarını qeyri-məhdud müddət üçün hakimiyyətdə olan kral yerinə yetirir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) Azərbaycana üçgünlük səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.
Səfər zamanı həm rəsmi şəxslər, həm də QHT və müxalifət nümayəndələri ilə görüşdüklərini deyən həmməruzəçilər Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı seçkilərin demokratik standartlara uyğun olması üçün bütün namizədlərə bərbaər imkanların yaradılmasının vacibliyini vurğulayıblar.
Aqramunt qeyd edib ki, həmməruzəçilər hakimiyyəti Bakıda mitinqlər üçün təhlükəsizlik tələblərinə cavab verən, şəhərin mərkəzinə yaxın olan və insanların gediş-gəlişi üçün əlverişli olan yerlərin seçilməsində kompromis tapmağa, həmçinin hakimiyyəti fikri ifadə etmək azadlığını təmin etməyə və jurnalistlərə qarşı bütün döyülmə və təzyiq faktlarını araşdırmağa, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
Həmməruzəçilər həmçinin İnternetdə diffamasiyanın kriminallaşdırılması haqqında qanunun, QHT-lər haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin qəbul edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
Aqramuntun sözlərinə görə, rəsmi görüşlər zamanı həbs edilmiş jurnalistlər və fəallar haqqında məsələ qaldırıblar. Bununla belə Aqramunt yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri şəxslərin həbsini qiymətləndirməkdən yayınıb.
“Bizim siyahılarımızda olanlar keçən ilin sonuna qədər azad edilib. Sonradan həbs edilmiş digər şəxslərin işlərinə gəlincə, biz bütün tərəflərin fikrini araşdırmalıyıq”, deyə Aqramunt qeyd edib.
Həmməruzəçilər istintaq təcridxanasında müxalifətçilər İlqar Məmmədov və Tofiq Yaqubluya baş çəkdiklərini deyiblər.
“Görüşlər zamanı bizim təkliflərimiz dinlənilib və ümid edirik ki, onlar yerinə yetiriləcək. Ümid edirik ki, Azərbaycanın yüksək iqtisadi inkişafı ölkənin demokratik inkişafı ilə də müşayiət olunacaq. Qarşıdan gələn seçkilər nəzərə alınmaqla, biz bu inkişafı diqqətlə izləyəcəyik”, deyə Aqramunt bildirib.
Rəsmi şəxslərlə görüşlər zamanı seçki qanunvericiliyinə islahatlar və seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi məsələlərinin müzakirə edilib-edilmədiyi barədə suala cavab verən Aqramunt qeyd edib ki, AŞPA və ATƏT müşahidə missiyalarının daha əvvəl təqdim etdiyi tövsiyələrin yerinə yetirilməsini vacib hesab edirlər.
İlham Əliyevin üçüncü dəfə Azərbaycan prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsinə münasibəti haqqında suala cavab verən Aqramunt deyib ki, bu, onu narahat etmir. Öz ölkəsini nümunə göstərən həmməruzəçi eyib ki, İspaniyada prezident funksiyalarını qeyri-məhdud müddət üçün hakimiyyətdə olan kral yerinə yetirir.
AŞPA-da “kürü diplomatiyası” haqqında hesabata münasibət bildirən Aqramunt, “bunu Avropa Şurasının düşmənləri uydurur. Bu məntiqlə yanaşsaq Ermənistanın da “qızılbalıq diplomatiyası” və ya “konyak diplomatiyası” haqqında danışmaq olar”, - deyə vurğulayıb.
Qeyd edək ki, səfər zamanı həmməruzəçilər ölkə prezidenti, daxili işlər və ədliyyə nazirləri, baş prokuror, MSK sədri, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının rəhbərləri ilə görüşüblər. Onlar həmçinin Milli Məclisin spikeri, parlamentdə siyasi partiya rəhbərləri, hüquq siyasəti və dövlət quruculuğu üzrə parlament komitəsinin sədri, habelə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?