Türkiyə, Ermənistan və Azərbaycan gizli danışıqlar aparır
Gələn il Cənubi Qafqaz regionunda Türkiyənin, Azərbaycanın və Ermənistanın yaxından iştirak etdiyi yeni geosiyasi mərhələ başlayacaq. Bu mərhələni “Sürix protokolları”nın davamı kimi də qiymətləndirmək olar.
AzNews.az-ın Türkiyədəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq proses başlayıb və hazırda gizli müzakirələr keçirilir. Məsələnin detalları barədə hələ ki, ictimaiyyətə məlumat verilmir.
Mənbənin məlumatına görə, bu prosesə Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanmış “Sürix protokolları”, Dağlıq Qarabağ münaqişəsi, sərhəd və digər bu kimi regional məsələlərin həllinə dair tədbirlərin həyata keçirilməsi daxildir. Prosesi idarə edən tərəf isə Türkiyədir.
Mənbə bildirib ki, hazırda gizli olaraq həyata keçirilən danışıqlarda Türkiyənin Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyi, dərhal sonra isə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi reallaşa bilər. Sözügedən məsələnin birgə müzakirəsi üçün Türkiyə və Ermənistan rəhbərlərinin görüşü də gözlənilir. Bu məsələ ilə bağlı 2013-cü ilin əvvəllərində bəzi detalların məlum olacağı istisna deyil.
Xatırladaq ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalayıblar.
Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. İkinci sənəddə qeyd olunur ki, protokollar qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?