Bir qrup deputat, media və ictimaiyyət nümayəndəsi ölkə başçısına müraciət hazırlayıb. Müraciət müəllifləri jurnalistlərin mənzil problemi ilə bağlı atılan addımı müsbət qiymətləndirir və prosesin davam etdirilməsini arzulayırlar. Onlar hesab edirlər ki, bu gün təkcə həyatda olan və fəaliyyət göstərən media nümayəndələrinin deyil, eyni zamanda həyatını bu peşə uğrunda qurban vermiş, dünyasını dəyişmiş jurnalistlərin ailələrinin də mənzil problemi həll olunmalıdır.
Müraciətdə qeyd olunub ki, tikilən mənzillərdən vəfat etmiş jurnalistlərin ailələrinə də ayrılması əsl ədalət nümunəsi ola bilər. Buna misal olaraq 2010-cu ildə peşə fəaliyyətini həyata keçirərkən faciəli surətdə avtomobil qəzasında həlak olmuş, ailəsi isə hazırda mənzil problemi ilə üz-üzə qalan Şahin Ağabəyli göstərilib. Müraciət müəllifləri bildirirlər ki,
Ş.Ağabəyli 2001-ci ildən ölkə mətbuatında aktiv yer alan jurnalistlərdən olub, 2003-cü ildə “Milli Yol” qəzetini təsis edib, qəzet 2005-ci ildən gündəlik nəşrə olunub: “Şahin Ağabəyli dünyasını dəyişənə qədər bu qəzetin təsisçisi və baş redaktoru olub, məhz onun peşəkarlığı və bacarığı sayəsində “Milli Yol” qəzeti ölkə mətbuatının inkişafında böyük rol oynayıb.
Bu gün ölkənin onlarla peşəkar və aparıcı mətbuat nümayəndələri, reportyorlar, araşdırmaçı yazarlar məhz “Milli Yol” qəzetinin yetirmələridir. Şahin Ağabəylinin 2009-cu ildə təsis etdiyi “Poliqon” İnformasiya Agentliyi (pia.az) bu gün də ölkənin xəbər agentlikləri içində seçilir. Ağabəylinin vəfatından sonra qoca anası, həyat yoldaşı və övladı ağır şərtlər altında yaşayır. Biz Sizin yüksək humanist dəyərlərə önəm verdiyinizə və həmin prinsipləri rəhbər tutaraq, bu ailənin də mənzillə təmin edilməsinə yardım göstərəcəyinizə inanırıq”.
Ş.Ağabəylinin ailəsinin mənzillə təmin olunması təşəbbüsünə “Yeni Müsavat” da qoşulub və redaksiya rəhbərliyi ümid edir ki, bu məsələ müsbət həllini tapacaq.
Ş.Ağabəylinin qardaşı, Pia.az saytının baş redaktoru Azər Qaramanlı həmkarlarının bu təşəbbüsünü müsbət qiymətləndirib və onlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, qaldırılan məsələ müsbət sonluqla yekunlaşsa bu Ş.Ağabəylinin ailəsinə böyük kömək olar: “Biz də ümid edirik ki, bu müraciət öz bəhrəsini verəcək və Şahin Ağabəylinin ailəsinə də mənzil ayrılacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?