Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının birinci iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müasir Azərbaycan və dünya tarixinin ən kədərli səhifələrindən biri olan qaçqınlıq və məcburi köçkünlük faciəsinə həsr etdiyi sənədi Parlament Assambleyasının katibliyinə təqdim edib. Bu sənəd tirajlanaraq yayılıb.
Ermənistanın Azərbaycana təcavüz etməklə nəticə etibarı ilə öz vətəndaşlarını da gələcəkdən məhrum etdiyini, bu işğalçı ölkədə terrorçu hakimiyyətin yaratdığı ağır yaşayış mühitinin nəticəsi olaraq əhalinin xaricə axınının gücləndiyini vurğulayan sənəddə deyilir:
“Düz 25 il əvvəl Ermənistandan əsrlərlə o torpaqlarda yaşamış, bütün coğrafiyaya öz ana dillərində adlar vermiş azərbaycanlıların XX yüzillikdəki son böyük deportasiyası başlandı. Yüz minlərlə insanın sakit həyatı məhvərindən çıxdı. Onların özlərinin və dünyanın qəddarlığından xəbərsiz kiçik övladlarının, bir neçə il sonra qaçqın kimi doğulacaq uşaqlarının indiyəcən də bitməyən faciələri başlandı. O dəhşətli günlərdə Ermənistandakı tarixi Azərbaycan kəndlərində ev-eşiyini, əzizlərinin, doğmalarının məzarlarını, xatirələrini buraxaraq can qorxusu ilə ayaqyalın-başıaçıq dağlardan aşaraq yarımşikəst, sarsılmış halda Bakıya gəlib çatmış ilk qaçqınlardan birinin jurnalistin qəfilcə ona yönəltdiyi televiziya kamerası qarşısında ağlaya-ağlaya söylədiyi sözlərin təsirindən indi də çıxa bilmirəm. Həmin şəxs ölümdən zorla qaçıb qurtarmışdı, onun və özü kimi qaçqın qonşularının hər nəyi varsa, zorla çıxarıldıqları kəndlərində qalmışdı. Amma o qaçqını kamera qarşısında dayanıb bu faciəyə isti-isti qiymət vermək istəyərkən ağrıdan itirdikləri deyildi. Onu kövrəldən bu idi ki, qaçarkən vəfalı itinin zəncirdən açıb buraxmağı unutmuşdu. Bəli, belə nəhəng ictimai-siyasi zəlzələlər baş verəndə yalnız insanlar deyil, elə təbiət də, bütün digər canlılar da əzabla yaşamalı olurlar”.
Sənəddə belə bir sual qoyulur və cavabı verilir: 25 il keçib, nəticə nə oldu, bu deportasiyalar, işğal Ermənistana, erməni xalqına nə verdi, onu xoşbəxt etdimi? Qətiyyən, tam əksinə oldu. Həmin deportasiya və işğal nəticəsində Azərbaycanın 1 milyona yaxın insanı qaçqına və məcburi köçkünə çevrildisə, tədricən iqtisadi vəziyyəti ildən-ilə ağırlaşan, sosial-mənəvi mühiti getdikcə daha artıq dözülməz olan Ermənistandan əhalinin xarici ölkələrə köçü başlandı və bu günədək də davam edir.
Bu illər ərzində Ermənistanı tərk etmiş vətəndaşların sayı 2 milyona çatır ki, bu da dünyada qəbul edilmiş orta statistik göstəricidən təxminən 20 dəfə çoxdur.
Rafael Hüseynov təqdim etdiyi sənəddə Sovet İttifaqının və sosialist blokunun süqutundan sonra həmin məkandan çıxmış ölkələrin bir çoxunun artıq Avropa Şurası üzvü olduğunu, onların da öz növbələrində ortaq problemlər yaşadığını qeyd edərək həmin müştərək problemləri əhatə edən ayrıca məruzənin hazırlanmasının vacibliyi üzərində xüsusi dayanıb:
Proseslərin başlanmasından əsrin dörddə biri qədər vaxt keçir. Dünyanın siyasi mənzərəsi büsbütün dəyişib və indi həmin gedişat nəticəsində müstəqillik qazanmış ölkələrin əksəriyyəti Avropa Şurasının üzvüdür, bir ailənin içərisindədirlər. Doğrudur, həmin ortaq məkandan qopmuş, Avropaya aid olan, lakin hələ Avropa Şurasına qəbul edilməyən Belarus da vardır. Həmin ortaq məkandan çıxmış və Avropa olmasa da, Avropa Şurasına meyl edən Qazaxıstan da var, oxşar problemləri yaşayan Tacikistan, Özbəkistan, Qırğızıstan və digərləri də mövcuddur ki, onların taleləri ilə bağlı biz də məsuliyyət daşıyırıq. Çünki həmin ölkələr artıq Avropa Şurasına neçə illərdən bəri üzv olan və sosialist məkanından qurtulmuş dövlətlərlə çox tellərlə bağlıdırlar.
Düşünürəm ki, bu kontekstə daxil ölkələrin son iki on ildə keçdiyi yolu və kəsişən problemlərini müqayisəli şəkildə araşdıran bir məruzəyə Assambleyada ehtiyac vardır. Belə bir analitik məruzə bir tərəfdən problemləri və perspektivləri aydın görməyə imkan yaradar, digər tərəfdən isə həmin ölkələrdəki oxşar və ortaq problemlərin panoramda müşahidə edilməsi nəticəsində bir sıra çətin sualların həllinə açarlar tapıla bilər.
Azərbaycanlı deputatın hazırladığı sənəddə irəli sürdüyü təklif Parlament Assambleyasında rəğbətlə qarşılanıb.
Sorğu
Yeni dizaynımız necədir?