Hərbi ekspert: "Bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır"
“Orta məktəblərdə hərbi hazırlıq fənləri ən yaralı məsələlərdən biridir. Məktəblərdə bu fənlərin yüksək səviyyədə tədrisi olunması üçün Azərbaycanın kifayət qədər imkanı var”. Hərbi ekspert Üzeyir Cəfərov ANS PRESS TV-yə verdiyi müsahibədə bu dərslərə təkcə nəzəri cəhətdən deyil, həm də praktik baxımdan yanaşılmalı olduğunu bildirib: “Hər kəs çağırışa qədər silahla təmasda olmalıdır. Hərbi hazırlıq fənlərini keçən müəllimlərin seçilməsinə diqqət artırılmalıdır. Yeni təhsil naziri bu məsələyə ciddi yanaşmalıdır, bu təkcə fənn kimi qəbul olunmamalıdır. Gəncin məktəbdə aldığı ibtidai biliklər ordu sıralarına gələndə, çox yardımçı olur. Keçid mərhələsində bəzi problemlərdən yan keçməyə kömək edir”.
Azərbaycan ordusunda qadınların da olduğunu deyən ekspert bunların sayının az olmasını təqdirəlayiq hesab etmir: “Bizdə də ordu sıralarında qadınlar qulluq edir, lakin onların sayları azdır. FHN, Milli Təhlükəsizlik Nazirliyində general rütbəsində olan iki xanım var”.
Əvvəllər hərbi işə qadınların daha çox maraq göstərdiyini deyən ekspert son vaxtlar bu marağın zəiflədiyini bildirib: “Əvvəlki illərdə qadınlar arasında bu sahəyə maraq daha güclü idi, amma indi zəifdir. Xanımların ordu sıralarında olması çox yaxşı haldır, kişilərə müsbət təsir edir. Məsələn, xanımlar olan yerdə kişilər özlərini toplarlayırlar və artıq hərəkətlərə yol vermirlər”.
Üzeyir Cəfərov həmçinin alternativ xidmətlə bağlı məsələyə toxunub. Hərbi ekspertin sözlərinə görə, ölkəmizdə bununla bağlı qanun mütləq qəbul edilməlidir: “Bəzi millət vəkilləri bunu eşidən kimi müharibə vəziyyətində olmağımızı əsas gətirərək qarşı çıxırlar. Lakin bunun bir çox müsbət tərəfləri var. Müvafiq komissiyalar yaradılmaıdır və alternativ xidmətə iddialı olan şəxs dinlənildikdən sonra qərar verilə bilər ki, bu şəxs alternativ xidmətdən istifadə edə bilər, ya yox.
Ekspert hesab edir ki, ailədə tək oğlan uşaqları hərbi xidmətə çağırılmamalıdır: “Əvvələr bizdə belə bir qanun var idi, sonra qanuna dəyişiklik edildi. Bu qətiyyən düzgün deyil. Tək oğul ailənin, nəslin yeganə davamçısıdır. Bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır”.
Son vaxtlar bir neçə ölüm faktını misal gətirən ekspert bu halda yeganə övladını hərbi xidmətdə itirən valideynlərin necə acınacaqlı halda olduqlarına diqqət çəkib: “Abşeron rayonundan hərbi xidmətə çağırılmış Ceyhun Qubadov tək övlad idi. Anası onu tək böyüdüb, indi olun ölümü ilə ananın bütün ümidləri kəsildi. Və ya Sabunçudan hərbi xidmətə çağırılan Mehdi Bahadır oğlu Sultanovun dünyasını dəyişməsi buna faktdır. Tək oğlan uşaqlarını hərbi xidmətə çağırılmasa, bizim ordumuz dağılmayacaq. Bunlara alternativ xidmət təklif olunmalıdır. Azərbaycanda çağırışçı ilə bağlı problem yoxdur. Ona görə də məncə, bu problemi həll etmək olar.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?