İlqar Rzayev bu səbəbdən aclıq aksiyasına başlayıb
Şərlənərək həbs olunan AXCP üzvü İlqar Rzayevə ittiham verilən maddə mayda qəbul olunan Amnistiya Aktının təsiri altına düşsə də, cəbhəçi hələ də azadlığa buraxılmayıb. Bu barədə siyasi məhbusun anası Şirinbacı Rzayeva məlumat verib. Onun sözlərinə görə, İlqar Rzayev azadlığa buraxılmalı olduğu halda, hələ də həbsdə saxlanılmasıyla əlaqədar müvafiq dövlət strukturlarına müraciətlər edilsə də, nəticəsi yoxdur. Bu səbəbdən də İlqar Rzayev məhbəsdə aclıq aksiyasına başlayıb və üç gündür ki, aksiyanı davam etdirir. “Mayda gəlib Ilqara deyiblər ki, hazırlaş, eve gedirsən. O da paltarlarını, başqa əşyalarını yığışdırıb oradakı məhbus dostlarına paylayıb. Sonra kimsə yuxarıdan deyib ki, Ilqar qalsın. Mən də ”Azadlıq" qəzeti vasitəsilə bütün ictimaiyyətə sual vermək istəyirəm ki, əgər bu Amnistiya Aktını Ilham Əliyev imzalayıbsa, prezidentdən yuxarıda kimdir ki, Ilqarın həbsdən çıxmasına imkan vermir?", - deyə Şirinbacı Rzayeva bildirib. Ana məsələ ilə əlaqədar Prezident Administrasiyasına da müraciət edib: “Prezidentə də ərizə yazdım. Penitensiar Xidmətə də gedib ərizə yazmışam. Ədliyyə Nazirliyində də oldum. Məni qəbul edən məmur elə yanımda 14 saylı cəzaçəkmə müəssisəsinə zəng elədi. Ilqar isə deyir ki, Ədliyyə Nazirliyində də bilirlər ki, mənim çıxmağıma imkan verməyən kimdir. Kimdir bu namərd insan ki, Ilqarı orada saxlayır? Prezidentdən yuxarıda dayanan kimdir bu ölkədə? Ilqar Rusiya vətəndaşıdır, körpə uşağı var. Mən onu bura çağırmışdım ki, ata mirasından məhrum olmasın, öz mülk payını alsın”. Şirinbacı Rzayevanın sözlərinə görə, iki gün əvvəl oğlu ilə telefon danışığında Ilqar Rzayev deyib ki, Ombudsmana, prezidentə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə yazdığı məktubların cəzaçəkmə müəssisəsindən çıxmasına imkan verilmir: “Onun ərizələrini cəzaçəkmə müəssisəsinin rəisi Əli Ibrahimov götürmür”. Xatırladaq ki, Ilqar Rzayevin Hüquqlarını Müdafiə Komitəsi onu “Eurovision məhbusu” adlandırır. Bu da səbəbsiz deyil. Çünki ötən ilin mayında “Eurovision” ərəfəsində Ictimai Palatanın keçirdiyi mitinqdə Şirinbacı Rzayeva çıxış edərək, vətəndaşların mülkiyyət hüququnu tapdadığına görə hökuməti tənqid etmiş, bundan bir neçə gün sonra onun oğlu Ilqar Rzayev həbs olunmuşdu. Özü də adətən şərləmə əməliyyatlarında istifadə olunan narkotik ittihamıyla...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?