İcra başçısının müavini sahibkara 11 min manat “atıb” Pərviz Mustafayev adlı vətəndaş məmur özbaşınalığının qurbanı olub. Siyəzən rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb. Öz ərizəsində P.Mustafayev bildirir ki, bir müddət bundan əvvəl o, Siyəzən rayonunda aparılan abadlaşdırma işlərinin bir hissəsinin icrasına dair RİH rəhbərliyindən sifariş alıb.
Razılaşma bilavasitə RİH-nin başçısı Arif Qasımov ilə aparılan danışıqlar nəticəsində əldə olunsa da, başçı ilə birbaşa görüş Arif müəllimin müavini Tariyel Tahirovun vasitəçiliyi ilə baş tutub. P.Mustafayev qeyd edir ki, onun hissə-hissə alıb icra etdiyi işlərin hər birinin həcmi ayrılıqda elə də böyük olmayıb. Şikayətçi göstərir ki, işlərin ilk mərhələsi tamamlandıqdan sonra RİH tərəfindən müvafiq ödənişin həyata keçirilməsində heç bir problem olmayıb. Lakin sonradan başçının müavini növbəti sifarişlərin alınması üçün bəzi yeni şərtlər irəli sürüb. Daha dəqiq desək, Tariyel Tahirov iş icraçısından növbəti sifariş üçün 5 min manat məbləğində “şapka” istəyib. P.Mustafayev işsiz qalmaqdansa, bu tələblə razılaşmağa üstünlük verib. Beləcə “qarşılıqlı əməkdaşlıq” bir müddət insidentsiz davam edib. Lakin sonradan RİH tərəfindən görülən işlərə görə pul ödəmələrini həyata keçirən T.Tahirov bu əməliyyatlarda da müəyyən gecikmələrə yol verməyə başlayıb. Vəziyyəti isə başçının müavini P.Mustafayevə belə izah edib ki, guya o, yaranmış borcları gələcək sifarişlər üçün almalı olduğu “şapka”ların hesabına bağlayacaq. Lakin bir müddət sonra nəzərdə tutulan bütün işlər tamamlanıb. Həmin vaxta RİH-nin P.Mustafayevə olan borcu 11 min manat təşkil edib. Müavin başçı ilə məsələni razılaşdırıb sahibkarın pulunu qaytarmır. İcra başçısı əvvəlcə müavininə irad tutur, borcu qaytarmasını tələb edir. Amma onların arasındakı dialoqdan sonra məsələ həllini tapmır. Sahibkar şikayət edəcək yer tapmır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. H.Mirzə
Sorğu
Yeni dizaynımız necədir?