Yaxın günlərdə prezidentin Qazax rayonuna səfəri gözlənir. Bildirək ki, İlham Əliyevin rayonda bir sıra obyektlərin açılışını edəcəyi gözlənilir. Səfər çərçivəsində yerli əhali ilə görüş də nəzərdə tutulmuşdur. Lakin bu görüş zamanı daima olduğu kimi yerli rəhbərlik çalışacaq ki, əhalinin narazı təbəqəsi prezidentlə təmasda olmasın. Təbii ki, belə bir ənənə təkcə Qazaxda müşahidə olunmur və demək olar ki bütün bölgələrdə narazı təbəqə ilə prezident arasında baryer yaradılır. Buna görə də bir qrup müharibə veteranı prezidentlə görüşüb, Qazaxla bağlı əsl həqiqətləri İlham Əliyevin diqqətinə çatdırmaq fikrinə düşüblər. Bu barədə dia.az-a müraciət edən müharibə veteranlarından biri açıqlamasında deyir: “Biz bir neçə müharibə veteranı və əlili prezidentlə şəxsən görüşmək istəyirik və rayonun problemlərini onun diqqətinə çatdırmaq istəyirik. Rayonda gedən korrupsiya halları, qanun pozuntuları, məmur özbaşınalığı və sairlər haqda prezidentə məlumat vermək fikrindəyik. Prezidentin gəlişi ilə əlaqədar olaraq rayon mərkəzində abadlıq işləri görülmüşdür. Amma bu abadlıq demək olar ki sahibkarların çökdürülməsi hesabına baş tutub. Mətbuat vasitəsilə dövlətimizin rəhbərinə müraciət edirik: Hörmətli prezident, bizi qəbul edin!!! Yoxsa rayon rəhbərliyi narazı təbəqənin sizinlə təmasda olmasına hər vəchlə mane olacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?