Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun əmrinə əsasən, iyul ayının 8-də «Elmlər Akademiyası» stansiyasının eskalatorlarında biri təmirə dayandırılacaq. Avadanlığın istismar təlimatına və texniki tələblərə əsasən, 100 min km-dən artıq qaçışı olan eskalator əsaslı təmir edilməlidir. Bu stansiyadakı 3 saylı eskalator isə artıq 107 minə yaxın məsafə qət edib.
Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov deyib ki, stansiya, demək olar, daim gərgin iş rejimində çalışsa da, bu addım qaçılmazdır.
- İlk dəfə deyil ki, burada əsaslı təmir aparılacaq. Buna qədər də burada eyni işlər görülüb. Təbii ki, sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edir. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaqlar. Onların peşəkarlığına heç bir şübhəm də yoxdur.
Qeyd edək ki, stansiyanın girişli-çıxışlı olduğunu və daim gərgin rejimdə çalışdığını nəzərə alaraq, birləşmiş emalatxanalar təmirə başlamazdan əvvəl xüsusi hazırlıq tədbirləri görüb. Hazırlıqlar artıq başa çatmaq üzrədir.
Elçin İsmayılov qeyd edir ki, başçılıq etdiyi sahə də təmirə xüsusi hazırlıq keçib, yoxlamalar aparılıb, işçilər lazəım olan təlimatı alıblar. Distansiya sahəni daim nəzarətdə saxlamaqla, xüsusi qabaqlayıcı tədbirlər planı qurub.
- Bunlardan əlavə, növbəli iş rejimi də tətbiq olunacaq. Ən vacibi, insan faktoru üzündən hər hansısa hadisənin baş verməsinin qarşısını aradan qaldırmaq üçün lazım olan tədbirlər görülüb. Əlbəttə, texnikanın, dəmirin, avadanlığın da öz hökmü ola bilər. Ehtimal olunan problemlərin əsas qisminə hazırıq.
Qeyd edək ki, idarə rəisinin əmrinə əsasən, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır. Metropoliten rəisinin əmrinə əsasən, avadanlığın təmirə dayandırıldığı müddətdə bu işlərə məsul olan və müxtəlif sifarişləri yerinə yetirəcək şəxslərin, xidmət və sahələrin vəzifələri də müəyyən olunub
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?