Xəstəxanada qızcığaza vurmağa zərdab tapılmayıb. Salyan rayonunda 6 yaşlı qızı gürzə sancdı. Rayon Mərkəzi Xəstəxanasında zəhər əleyhinə zərdabın olmaması balaca qızın ölümünə səbəb oldu.
Hadisə iyulun 4-ü Salyan rayonunun Şəkərli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 6 yaşlı Gülnar Akif qızı Didarova böyük bacısı ilə birlikdə həyətdə oynayırmış. Anidən halsızlaşan balaca Gülnar həyətdəki çəlləyin yanında yerə yıxılıb.
Qızını ilanın sancmasından şübhələnən ata çəlləyin altına baxıb və orada gürzənin qıvrılaraq dayandığını görüb. Ehtimalında yanılmayan ata çəlləyin içindəki ağacla ilanın başını əzərək öldürüb. Gülnar Didarova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir tərəfdən xəstəxanada zəhər əleyhinə zərdabın olmaması, digər tərəfdən də təcili yardım maşınının gec gəlməsi uşağın vəziyyətini daha da gərginləşdirib.
Balaca qızcığazın vəziyyəti ağır olduğundan o, Bakıya Tokiskologiya Xəstəxanasına göndərilib. 4 gün ölüm-dirim arasında mübarizə aparan 6 yaşlı qızın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Yaxınları qızın ölümündə Salyanda həkimlərin günahkar olduğunu iddia edirlər. Rayon Mərkəzi Xəstəxanasında növbətçi həkim Azad Ağalarov xəstəxanada zəhər əleyhinə zərdabın olmadığını etiraf etsə də, azyaşlı qıza lazım olan tibbi yardım göstərildiyini bildirdi.
Daha bir ilan sancma hadisəsi Cəlilabad rayonunda baş verib. 29 yaşlı gənci ilan sancsa da, xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub. Hadisə iyulun 4-ü Cəlilabad rayonunun Adnalı kəndində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Allahverdi Nuruyev səhər tezdən həyətlərindəki dama girmək istəyərkən qəfildən damın tavanından çıxan ilan onun başının sağ hissəsini sancıb. İlanı əli ilə başından kənarlaşdıran Allahverdi qışqırmaqla valideynlərini köməyə çağırıb. Daha sonra huşunu itirərək yerə yıxılıb.
Oğlunun qışqırıq səsinə gələn Aslan Nuruyev dərhal Allahverdini xəstəxanaya çatdırıb. Xəstəyə ilan sancmasına qarşı zərdab vurulmaqla onun həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, hazırda Allahverdi Nuruyevin səhhəti normaldır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?