Sabiq polis rəisi icra başçısı kürsüsündə də özünü rəis kimi aparır
Vətəndaşların bəzi rayonların icra başçılarının idarəçiliyinə, onların fəaliyyətlərindəki çatışmazlıqlarına qarşı narazılıqları bir sıra məmurların işindəki yarıtmaz məqamlardan xəbər verir. Məhz buna görədir ki, bəzi yaşayış məskənlərində, xüsusən də Ermənistan silahlı birləşmələrinin işğal etdiyi rayonlardan olan qaçqın və məcburi kökünlərin yaşadığı yerlərdə insanlar tez-tez öz hüquqlarını tələb etməyə başlayırlar. Belə yaşayış məskənlərindən biri də Ağdam rayonudur. Həmin rayondan olan sakinlərin kütləvi informasiya vasitələrinə müraciətləri Həsən Sarıyevin xələfi Nizami Sadıqovun da məcburi köçkünlərin problemlərini köklü surətdə həll etmədiyini göstərir. Qeyd edək ki, uzun illər sabiq icra başçısı Həsən Sarıyevin bir sıra əməllərinə dözən ağdamlılar Nizami Sadıqovun rayona rəhbər gətirilməsindən sonra vəziyyətin əsaslı şəkildə dəyişəcəyinə ümid etsələr də, bu baş vermədi. Sakinlərin bildirdiyinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Ağdamlılar deyirlər ki, onun yanına gələn bəzi narazı insanların şikayətləri, müraciətləri hələ də həll olunmamış qalır. Şikayətçilərin problemlərinin hamısını həll etməyən Nizami Sadıqov hətta rəis sayağı sözlərindən də qalmır. Qeyd olunur ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını ağır ittihamlarla, gərgin formada idarə edir. Ağdamda səhiyyə və təhsil işçiləri də müxtəlif problemlərdən şikayətçidirlər. Qeyd olunur ki, bəzi məktəblərdə müxtəlif tədbirlər adı altında müəllimlərdən, həkimlərdən pullar yığılır. Sakinlərin sözlərinə görə, bəzi şəxslər telekanallarda müxtəlif incəsənət yarışmalarına çıxan ağdamlı gənclərə "sms" göndərilməsi üçün də pul yığdırırlar. Amma hər dəfə "sms" adı ilə külli miqdarda vəsait toplanmasına baxmayaraq, əksər hallarda yarışmalardan heç bir ağdamlı qalib çıxa bilmir. Sakinlər həmin pulların kimlərsə tərəfindən mənimsənildiyi qənaətindədirlər. Hələ az müddət əvvəl Çəmənli kəndindən olan sakinlər Nizami Sadıqovun icra başçısı olmasına baxmayaraq, ermənilərlə sərhəd kəndlərdə yaşayan əhalinin durumu ilə maraqlanmamasından giley-güzar etmişdilər. Sakinlər bildirmişdilər ki, Nizami Sadıqov özü oturub, Quzanlıda, amma bu kəndlərə gəlib-getmir ki, camaatın vəziyyəti necədir. Ağdamın ermənilərlə sərhəd bölgəsində də vəziyyət dözülməzdir. Demək olar ki, hər gün güllə səslərinə oyanan kənd sakinlərinin gündəlik qayğıları da onları rahat buraxmır. Yeganə dolanışıq mənbələri kiçik sahibkarlıq və soğançılıq olan ağdamlılar firavan həyatı çoxdan unudublar. Əlavə edək ki, rayonda ünvanlı sosial yardımların verilməsində də problemlərin, qaranlıq məqamların olduğu deyilir. Bu məsələ ilə bağlı ayrı-ayrı rayon sakinləri müvafiq dövlət orqanlarına kütləvi şikayətlər göndərsə də, nəticə yoxdur. Ağdam kəndlilərini narahat edən ən ciddi məsələ isə su problemidir. Belə ki, kəndlərin böyük əksəriyyəti su sarıdan əziyyət çəkir. Rayonun Çəmənli, Üçoğlan, Əffətli kəndlərinin sakinlərinin inşa etdikləri artezianlar da artıq sıradan çıxıb. Sakinlərin sözlərinə görə, hələ 2005-ci ildə onlara hədiyyə edilən artezianlar tez-tez sıradan çıxır. Amma rayonun heç bir dövlət qurumu bu artezanların təmiri ilə məşğul olmur. Əlacsız qalan insanlar öz aralarında pul toplayaraq, artezianları təmir etdirirlər. Sakinlər baş verənləri rayonun müvafiq orqanları rəhbərlərinin camaata laqeydliyi ilə əlaqələndirirlər. Bu arada izahat üçün əlavə edək ki, ağdamlıların böyük ümid bəslədikləri, lakin sakinlərin böyük arzularını gözündə qoyan Nizami Sadıqov bu vəzifəyə (yuxarıda qeyd etdiyimiz kimi) elə polis rəisi vəzifəsindən gəlib. O, 1990-cı ildən 1992-ci ilə kimi Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində çalışıb. Bu arada icra başçısıyla bağlı maraqlı bir faktı da nəzərinizə çatdırmaq yerinə düşərdi. 2009-cu ilin 1 sentyabrından Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən icra başçısı Nizami Sadıqov Qaçqın və Məcburi Köçkünlərləİş üzrə Dövlət Komitəsindən Ağam rayon 33 saylı orta məktəb üçün dördmərtəbəli bina ayrılıb. Amma burada Ağdam camaatı üstünlük təşkil eləmir. Əsasən Füzulidən, Zəngilandan, Qubadlıdan olanlar üstünlük təşkil edir. Məktəbdə demək olar, başqa rayonlardan olan şagirdlər dərsə gəlirlər. Qeyd edək ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqova da çoxsaylı müraciətlər edilib. Şikayətçilər icra başçısına baş verənlərlə bağlı müraciət ediblər. Amma deyirlər ki, qaçqınları Ağdama ayrılan həmin məktəb binasının üçüncü, dördüncü mərtəbəsində yerləşdirmək lazımdır. Nizami Sadıqov deyir ki, "Qaçqınkom" ayırıbsa, gəlsin aparsın. Yəni nə edirlərsə-etsinlər, yer tapıb versinlər. Onun sözlərindən belə çıxır ki, problem rayon rəhbərliyini sanki qayğılandırmır. Qaçqın və məcburi köçkün ailələrinin övladlarının təhsil aldığı məktəbin rəhbərliyi nə etməlidir, işçi qüvvəsini hardan almalıdır ki, bir neçə ton ağırlığı olan pianoları yenidən aşağı endirsinlər. Axı kifayət qədər ağır olan pianoları aşağı mərtəbəyə endirəndə onlar həm də kökdən düşür. Axı bəzi laqeyd insanları kökləmək olur, pianonu isə yox. Obrazlı desək, kiminsə damarına bir iynə vuranda onu "kökləmək" olur, o ki qaldı pianoya, bu məsələ bir az qəlizləşir. Bütün bunlar ağdamlıların problemlərinin cüzi hissəsidir. Sosial çatışmazlıqlar kifayət qədərdir. Habelə Ağdam Rayon İcra Hakimiyyətinin başçısının da yaşı kifayət qədərdir (63 yaş-müəllif). Qeyd etdiyimiz kimi, rayonun icra orqanının başçısının yaşı həddən artıq çoxdur. Ola bilər ki, bu səbəbdən də bəzi vacib məsələlər Nizami Sadıqovun diqqətindən yayınır, bəzi problemlərin həlli isə unudulur. Lakin icra başçısının nəzərinə çatdırmaq istəyirik ki, ondan fərqli olaraq biz heç nəyi unutmuruq. Məsələn, heç vaxt yaddan çıxarmırıq ki, Ağdam Rayon Təshil Şöbəsinin tabeliyində olan 33 saylı orta məktəbdə nələr baş verir. Nizami Sadıqov da yaddan çıxarmasın ki, bu təhsil ocağında nələr baş verir, hansı proseslər diqqət mərkəzindədir. Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri bilsin ki, sözügedən təhsil müəssisəsində - 33 saylı orta məktəbdə ərlə arvad elə ikisi bir yerdə işləyirlər. Amma bu, ancaq başqa yerdə, ayrı, özəl müəssisələrdə belə ola bilər. Qanuna görə təhsil ocağında yox. Çünki ərlə arvadın bir yerdə çalışmasına icazə yoxdur. Nə Təhsil Nazirliyi buna icazə verir, nə də ki, qüvvədə olan qanunumuz. Ərlə arvadın eyni təhsil müəssisəsində çalışması düzgün deyil. Qeyd edək ki, 33 saylı orta məktəbdə baş verən proseslərlə müfəssəl şəkildə qəzetimizin növbəti saylarında tanış olacaqsınız. Bizi izləməyi unutmayın. Fərid
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?