Zəlzələdən 8 ay keçib, amma hələ də evləri uçub-tökülənlər var
gundemxeber.az Zaqatalada baş verən təbii fəlakətin üstündən az qala 8 aya yaxın bir müddətin keçməsinə baxmayaraq, hələ də dövlətin ortaya çıxan fəsadların aradan qaldırılması yönündəki fəaliyyəti yetərli hesab olunmur. Doğrudur, bu günlərdə sözügedən ərazidə 2 yeni orta məktəb binasının təhvil verilməsi xəbəri yayıldı. Amma buna rəğmən onlarla ailənin bu qışı çadırda keçirəcəyi faktı da mövcuddur ki, bu da əslində “iqtisadi qüdrəti” ilə öyünən Azərbaycan dövləti adına yazılası ayıblardan biri kimi qəbul olunmalıdır. Ona görə ki, bunca imkanların qarşılığında hələ də onlarla ailə 21-ci əsr Azərbaycanında çadırlarda yaşayır... Elə qəzetimizə müraciət edən Zaqatala rayon sakininin məktubundan və həm də redaksiyamıza göndərdiyi şəkillərdən belə anlaşılır ki, əslində çadır həyatını yaşayanların durumu onunla müqayisədə daha az risqlidir. Zaqatala rayonunun Maqov kəndində yaşayan Qədirov İbrahim Məmmədvəli oğlu redaksiyamıza yazır: “Evim qəzalı vəziyyətdədir amma baxan yoxdur. Evimin bir əsrdən çox yaşı var. Kəndimizdə tikilən birinci daş evlərdən biridir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikilməsi üçün milyonlarnan pul ayırıb. O pullar hara gedib, kimə verilib - baxan yoxdur. Mən yeddi aydır müvafiq dövlət komissiyasını gözləyirəm. Mən sizdən dönə-dönə xahiş edirəm, bu məktubun lazımi yerə çatdırılmasında mənə köməklik edəsiniz”. Onu da xatırladaq ki, Zaqatalada zəlzələdən sonra evlərin bərpası fövqəladə hallar naziri Kəmaləddin Heydərova və onun “Gilan” Holdinqinə həvalə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?