Sakinlər vaqonlarda, çadırlarda yaşayır, Qəbələdə isə qolf meydançası tikilir...
“Zaqatalada zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün dövlətin ayırdığı 320 milyon manatın 260 milyon manatdan çoxu mənimsənib”. Zəlzələ bölgəsində araşdırma aparmış jurnalist Əfqan Muxtarlı “Media forum” saytına açıqlamasında belə deyib. Ötən il may ayının 7-də Zaqatala rayonunda 12 ballıq cədvəl üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında dağıntılar törədib. Əfqan Muxtarlı Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaların bir-birinə zidd olduğunu bildirib: “6 ay ərzində cəmi bir neçə yüz ev tikən şirkətlərin 40 gün ərzində 2 minə yaxın ev tikməsi inandırıcı deyil. Mən Zaqatalanın bütün kəndlərini gəzib oradakı vəziyyətlə tanış olmuşam. Zaqatala rayonunda indiyə qədər heç 1000 evi tikib başa gətirməyiblər”.
Nazirliyin açıqladığı rəqəmlər öz təsdiqini tapmayıb
Əfqan Muxtarlı zəlzələ nəticəsində Aşağı Tala və Gözbarax kəndlərinin daha çox ziyan çəkdiyini deyib: “Aşağı Tala kəndində 500-ə yağın evi söküb yenidən tikməyə başlamışdılar. Bu evlərdən biri də hazır deyil. Yuxarı Tala kəndində də heç bir ev təhvil verilməyib. Gözbarax kəndində isə cəmi 70 ev tikilib. Bu evlər əsasən kəndin mərkəzi küçəsində yerləşir. Prezident İlham Əliyev Gözbaraxa gələndə ancaq o küçəni görəcəkdi, ona görə məhz həmin küçədəki evləri tikdilər. Ələsgər kəndində isə bircə evin də inşasına başlanmayıb. Yuxarı Çardaxlar kəndində də heç bir evin tikintisi sona çatdırılmayıb. Danaçı kəndində 60 ev yenidən tikilib. Ümumilikdə isə Danaçı kəndində 150 ailə öz evlərinə köçüb. Başqa kəndlərdə nazirliyin açıqladığı rəqəmlər öz təsdiqini tapmayıb. Balakən rayonunda heç bir evin tikintisinə başlanmadığını vurğulayan Əfqan Muxtarlı Qax rayonun Güllük kəndində də yalnız bir neçə evin təhvil verildiyini söyləyib: “22 məktəbin hazır olması haqda açıqlamalar da absurddur. Çünki zəlzələdən sonra nazirliyin açıqlamalarında bununla bağlı heç bir məlumat yox idi. Zaqatalanın Danaçı kəndində bir məktəb tikilib. Tamamlanma işləri aparılır. Gözbarax kəndində də tez-tələsik bir məktəbin tikintisini başa çatdırıblar. Həmin məktəbdə də artıq çatlar əmələ gəlib. Ələsgər kəndində də bir məktəbin tikintisi başa çatmaqdadır. Aşağı Tala kəndində məktəbin tikintisi başa çatmayıb. Zaqatala rayonun mərkəzində yalnız bir rus məktəbi tam təhvil verilib. Yaxşı olardı ki, Fövqəladə Hallar Nazirliyi 22 məktəb və 2 minə yaxın evin tikintisi başa çatıb deyəndə həmin məktəb və evlərin ünvanlarını da göstərsin”.
Tenderlərdə ancaq hökumətə yaxın şirkətlər iştirak edib
Əfqan Muxtarlı insanların bir qisminin çadırlarda yaşadığını deyib. “Zəlzələdən zərər çəkənlərin bir çoxu banklardan kredit götürərək həyətlərində bir və iki otaqlı evlər tikiblər. Çünki yanvar ayında Zaqatalada çadırda yaşamaq qeyri-mümkündür. Yüzlərlə ailə tövlədə yaşayır. Bəzi ailələr isə öz hesabına aldıqları vaqonlarda məskunlaşıb. Fövqəladə Hallar Nazirliyinin tikdiyi evlər də keyfiyyətsizdir. Onların tikdiyi evlərdə tüstü boruları və dəm qazının çıxması üçün şaxtalar nəzərdə tutulmayıb. Çünki həmin evləri tikən ustalar peşəkar deyil”. Zəlzələ bölgəsində monitorinq aparmış “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının qurucularından olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Media forum”a açıqlamasında zəlzələ nəticəsində dağılmış evlərin tikintisində şəffaflığın olmadığını və heç bir tender keçirilmədiyini deyib: “Tenderlərdə ancaq hökumətə yaxın şirkətlər iştirak edir”. Mehman Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət göndərdiklərini qeyd edib: “İstəyirik ki, bizə tikilən həmin evlərin və məktəblərin harada yerləşdiyini və kimlərə məxsus olduğunu açıqlasınlar. Biz də gedək yoxlayaq. Əgər ünvanlar, adlar açıqlaya bilmirlərsə, deməli, o evlər, məktəblər yoxdur. Biz monitorinq aparan zaman heç bir işin normal getmədiyini, bəzi yerlərdə ümumiyyətlə tikinti işləri aparılmadığını gördük. Onların açıqladığı kimi, 3 minə yaxın ev tikilə bilməz. Yaydıqları məlumat cəfəngiyyatdır. Əgər evlər həqiqətən tikilsəydi, Fövqəladə Hallar Nazirliyi öz saytında həmin məktəb və evlərin ünvanlarını, ev sahiblərinin adlarını açıqlayardı”. Zaqatala rayon sakini Tahir Çobanov zəlzələ nəticəsində onun evinə ziyan dəydiyini söyləyib: “Mənim evim ötən il mayın 27-dən sökülsə də, hələ tikib təhvil verməyiblər. Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Zaqatala Rayon İcra Hakimiyyətinə müraciətlər göndərmişəm. Hələ cavab gəlməyib. Sentyabr ayından gəlib evin layihəsini çəkiblər. Amma hələ bir nəticə yoxdur”. Tahir Çobanov 9 aydır çadırda yaşadığını bildirib: “Qışın soyuğunda çadırda yaşamaq qeyri-mümkündür. Hara müraciət edim ki, mənə kömək eləsinlər? Yoldaşım da xəstədir, mən də xəstəyəm. Yoldaşım şəkər xəstəsidir, mən də acınacaqlı vəziyyətə görə ürək xəstəliyinə tutulmuşam. Dövlətdən heç bir dəstək görməmişik”.
Sakinlər kredit götürüb ev tikəcəklərini deyir, rəsmilər isə yenə də rəqəmlər sayır
Qışın soyuğunda çadırlarda yaşamağın qeyri-mümkün olduğunu vurğulayan Tahir Çobanov məhz bu səbəbdən əhalinin kirayələrdə yaşadığını qeyd edib: “Hər ay 200-300 manat kirayə pulu verməyə imkanımız yoxdur. Gözləyirəm ki, evimi nə vaxt təhvil verəcəklər. Evimi təhvil verməsələr, bankdan kredit götürüb özümə ev tikəcəm. Çünki onları gözləyəsi olsam, ömrümün axırına kimi çadırda yaşamalı olacam”. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatın həqiqəti əks etdirdiyini söyləyib: “Əfqan Muxtarlı kimi insanlar harada problem var, onu axtarır, yaxşı şeyləri isə görmək istəmirlər. Hazırda 3003 ev tikilir. 2560 ev isə sahiblərinə təhvil verilib. 10 məktəbin tikintisi də başa çatıb”. Elman Ramazanov bərpa-gücləndirmə işləri üçün 2889 ev sahibinə kompensasiya veriləcəyini də deyib. Bu arada yayılan başqa bir məlumat da diqqət çəkdi. Qəbələ rayonunun baş memarı Təbriz Abdulxalıqov bildirib ki, qolf meydançasının tikintisi ilə bağlı bir neçə layihə və variantlar üzərində iş aparılır. Koreya, Böyük Britaniya və Türkiyə şirkətləri tərəfindən hazırlanmış layihələrin hansının qəbul olunması ilə bağlı yekun rəy yoxdur. Baş memarın sözlərinə görə, Qəbələdə elə bir qolf meydançası tikiləcək ki, dünyada analoqu olmasın. Onun sözlərinə görə, artıq meydançanın tikintisi üçün 150 hektar sahə də ayrılıb. Aysel YUSİFQIZI
Sorğu
Yeni dizaynımız necədir?