Bu gün günorta saatlarında "Azad Gənclik Təşkilatı" İdarə Heyəti üzvü Ülvi Həsənli və “Nida” Vətəndaş Hərəkatının üzvü Emil Bağırov mülki geyimli polislər tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 39-cu polis bölməsinə aparılıblar. Bu barədə musavat.com-a dostları bildiriblər. Hal-hazırda gənc fəalların saxlanma səbəbi barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, “Azad Gənclik Təşkilatı”nın sədri Ülvi Həsənli iyunun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saat dindirilmişdi.
Aldığımız son məlumata görə, "Azad Gənclik Təşkilatı"nın daha bir üzvü Məcid Mərcanlı da polis idarəsinə çağırılıb. M.Mərcanlı bildirib ki, səbəb olaraq bir neçə gün əvvəl şəhərdə hakimiyyət əleyhinə yayılan vərəqələr göstərilir.
16:47
"Nida" üzvü Kənan Qasımlı da polis bölməsinə çağrılıb. Gənclər hal-hazırda "Nizami" metrostansiyası yaxınlığında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin Metro Polis Şöbəsindədirlər.
17:42 Aldığımız son məlumata görə "Nida" Vətəndaş Hərəkatının üzvü Emil Bağırov artıq sərbəst buraxılıb. Lakin saxlanılan digər gənclər barədə hələlik heç bir məlumat yoxdur.
17:58 "Nida" Vətəndaş Hərəkatından verilən məlumata görə, saxlanılan gənclər Kənan Qasımlı, Ülvi Həsənli və Məcid Mərcanlı hal-hazırda polis bölməsindən məhkəməyə aparılır. Onların hansı məhkəməyə aparılması haqda hələlik dəqiq məlumat yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?