Bakı Ağır Cinayətlər Məhkəməsi “Nida” və “Azad Gənclik” üzvlərinin işi üzrə məhkəmə araşdırması başlayır. “Yeni Müsavat”ın məhkəmədəki əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, prosesi izləməyə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də gedib.
Bu ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.
“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.
Sorğu
Yeni dizaynımız necədir?