İndi heç məktubu aldıqları haqda bildiriş də göndərmirlər
Məhbus jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Media forum” saytına açıqlama verib. Məlahət Zeynallı həyat yoldaşının həbsdən azad olunması üçün bir qrup deputatın prezidentə ünvanladığı müraciətə və Əvəz Zeynallının hüquqlarını müdafiə edən ictimai komitə üzvlərinin jurnalistlə görüşmək üçün Penitensiar Xidmətin rəisinə, eyni zamanda jurnalistin saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərinə göndərdikləri müraciətə cavab verilmədiyini bildirib: “Əvvəllər görüş üçün müraciətlər olanda Penitensiar Xidmət bundan imtina etdiyini bildirirdi. İndi heç məktubu aldıqları haqda bildiriş də göndərmirlər. Yaxın vaxtlarda Əvəzin hüquqlarını müdafiə edən ictimai komitənin üzvləri ilə toplaşmalıyıq. Müdafiə komitəsi üzvlərinin hamısı jurnalistdir. Onlar da bu durumdan narahatdırlar”.
Məlahət Zeynallı iyulun 27-də Əvəz Zeynallı ilə görüşəcəyini də qeyd edib: “Qızımız Banuçiçəyin ad günüdür, 10 yaşı tamam olur. Xüsusi gün olduğu üçün görüşə icazə veriblər. Çox istəyirdik ki, atası evdə olsun, amma alınmadı. Uşaqlardan savayı görüşə üç nəfərin getməsinə icazə verilir. Ailə üzvləri növbə ilə görüşə gedir”.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?