“Polisin maddi-texniki bazası o qədər yüksəlib ki, artıq Bakı Sumqayıt, Abşeron, Gəncə şəhərlərində biz texniki vasitələrlə şəhərin bir çox regionlarında, istirahət yerlərində, ayrı-ayrı küçələrdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün monitorlar quraşdırılır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov bu gün MSK tərəfindən təşkil olunan seminarda məruzə ilə çıxış edərkən bildirib. Nazir müavini bildirib ki, həmin qurğular vasitəsi ilə hadisələrin vaxtında qarşısının alınması, profilaktiki tədbirlərin görülməsi üçün operativ sürətdə müdaxilə imkanları var. Bnun nəticəsində bir çox cinayətlərin qarşısı alınır və ya baş vermiş ayrı-ayrı xoşagəlməz hadisələrin üstü dərhal operativ açılır:
“Prezident seçkiləri ərəfsində polisin öz üzərinə düşən vəzifələrdən biri də məhz sabitliyin qorunub saxlanılması, insanların hüquqlarının qorunması, istər seçicilərin, istərsə də bu gün prezidentliyə namizədlərin, istər parlament seçkiləri ərəfəsində Milli Məclisə namizədlərin hüquqlarının qorunması üzərində qurulub. Müvafiq qanunlarına uyğun olaraq polis bu il keçiriləcək prezident seçkiləri ilə bağlı artıq tədbirlər planı hazırlayıb. MSK-nın nümayəndələri ilə birlikdə artıq regionlar üzrə polis rəislərinin, rəis müavinlərinin, sahə ərazi inspektorlarının və bu sahəyə cəlb olunan bütün rəhbər heyətin iştirakı ilə seminar məşğələlər keçirilir.
Onların maariflənməsi, daha ciddi səmərəli fəaliyyət göstərməsi qarşısında duran vəzifələrin narazılıq baş vermədən həlli, MSK-nın qoyduğu qaydalar üzrə DSK, MSK ilə işin qurulması, və bu sahədə qarşıya çıxan problemlərin həlli barədə müşavirələr keçirilir. Orada sizinlə birlikdə bizim nümayəndlər iştirak edir. Bütün bu seminarlarda sizi və bizi maraqlandıran məsələlər birlikdə müzakirə olunur. Prezident seçkiləri ilə bağlı aparılan kampaniya dövründə polis orqanları tərəfindən sabitliyin əmin amanlığın qorunması hüquq qaydaları və asayişin pozulmasının qarşısının alınması üçün konkret tədbirlər planı hazırlanıb. Bunlar həyata keçiriləcək”. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayır. Hətta çalışırıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilsin. Hesab edirəm ki, burada da ciddi problem olmayacaq. DİN istəyir ki, seçkilərdə iştirak edəcək seçicilərin - vətəndaşların hər birinin hüququ təmin edilsin. İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə bunu etmək mümkün deyil. O.Zalov deyib ki, seçkilər zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin ediləcək:
"Polis əməkdaşlarının seçkinin gedişatına müdaxiləsinin baş verməməsi təmin ediləcək. Polis yalnız hər hansı xoşagəlməz hadisə baş verdikdə komissiya sədri onları dəvət edərsə, məntəqəyə girə bilər".
Zalov vurğulayıb ki, nəzarət etdikləri ərazilərdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün kifayət qədər texniki vasitələrə malikik və həmin əraziyə dərhal operativ polis naryadları göndərilib profilaktik tədbirlər aparılacaq:
"Seçki məntəqə və dairələri mühafizəyə götürüləcək ki, heç bir müdaxilə olmasın. Polis əməkdaşları yalnız seçki komissiyasının üzvləri məntəqəyə gələndən sonra oranı tərk edəcək və heç bir müdaxilə olmadan öz xidmətlərini kənarda davam etdirəcəklər. Yalnız bir formada seçki məntəqələrinə daxil ola bilərlər ki, komissiya sədri rəsmi qaydada müracət edib polisi ora hər hansı bir xoşagəlməz hadisə ilə əlaqədar dəvət etsin. Yanız bundan sonra polis naryadları, ərazinin sahə rəisi və ya hadisəyə uyğun olaraq digər xidmət əməkdaşları ora daxil olub yerində araşdırma apara bilərlər".
Nazir müavini sonda qeyd edib ki, sabah - iyulun 31-də daxili işlər naziri Ramil Usubovun iştirakı ilə nazirlikdə növbəti kollegiya iclası keçiriləcək. Bu iclasda seçkilərə hazırlıq də prioritet məsələlərdən biri olacaq.
Sorğu
Yeni dizaynımız necədir?