Bu ölkənin “Fonterra” şirkəti bəzi məhsullarında botulizm törədən bakteriyalar ola biləcəyni elan edib; onlardan uşaq yeməklərinin hazırlanmasında istifadə olunur Yeni Zelandiyanın iri süd məhsulları şirkəti olan “Fonterra” özünün bəzi məhsullarında botulizm xəstəliyi törədən təhlükəli bakteriyaların ola biləcəyini açıqlayıb. Şirkətin bu gün yaydığı açıqlamada bildirilir ki, bu məhsullar uşaq yeməklərinin hazırlanmasında istifadə olunur. Şirkətin xəbərdarlığından sonra qonşu Rusiyada “Fonterra”nın məhsullarının idxalını dayandırmaq barədə müzakirələr başlayıb. Çin hökuməti isə elan edib ki, şirkətə məxsus bütün süd məhsulları təcili olaraq ticarət şəbəkələrindən yığışdırılacaq. Xəbərlərdə bildirilir ki, Yeni Zelandiyanın “Fonterra” şirkəti ondan uşaq yeməklərinin hazırlanması üçün qarışıqlar alan sifarişçiləri bakteriya təhlükəsi barədə xəbərdar edib. Sifarişçilərə məsləhət görülüb ki, bu qarışıqların istifadə olunması ilə hazırlanan məhsulları təcili yoxlasınlar və bakteriya aşkar olunarsa, onları bazardan yığışdırsınlar. Qeyd edək ki, “Fonterra” şirkətinin məhsulları Azərbaycan bazarında da ciddi paya malikdir. Bu şirkətin məhsullarının rəsmi distributoru “Delta Group” şirkətidir. Şirkət “Fonterra”nın məşhur “Anchor” kərə yağlarının və digər süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirir. “Delta Group” şirkəti 1999-cu ildə yaranıb və artıq 14 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Şirkət ölkənin 10 bölgəsində fəaliyyət göstərir və iri holdinqə çevrilib. Sumqayıt Texnologiyalar Parkında yerləşən “Bismak” yeyinti məhsulları zavodu da ona məxsusdur.
Təhlükəli bakteriyaların aşkar olunduğu məhsulların Azərbaycana idxalı ilə bağlı vəziyyətin nə yerdə olduğu məlum deyil. “Fonterra”nın məhsullarının idxalı ilə məşğul olan şirkət hələlik bu barədə açıqlama verməyib.
Qeyd edək ki, botulizm təhlükəli xəstəlikdir və bu xəstəliyə yoluxanların sinir sistemi tez bir zamanda iflic olur. Botulizm bakteriyasının insan orqanizminə düşməsindən sonra 3-24 saat ərzində xəstəlik kəskinləşir, əvvəlcə baş və qarın ağrısı ilə müşayiət olunur, ardınca görmə pozulur və sinir sistemi iflic olur. Təcili müdaxilə edilmədikdə xəstəlik ölümlə nəticələnir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?