Prezident İlham Əliyevin hüquqi islahatlar aparılacağı vədinin üzərindən çox keçməməsinə baxmayaraq, ədalətsiz məhkəmə hökmlərindən şikayətlərin ardı-arası kəsilmir.
Gundemxeber.Az bildirir ki, edilən bənzər şikayətlərdən biri də Etibar Quliyev adlı vətəndaşa aiddir.
Şikayətçinin əməkdaşımızla söhbətində bildirdiyinə görə, bir neçə il əvvəl aldığı mənzil onun əməlli-başlı baş ağrısına çevrilib:
“Aşağı mərtəbədə yaşayan qonşum Xanmirzəyev Fəxrəddin İsrafil oğlu bizdən onlara səs gəlir iddiası ilə məhkəməyə müraciət edib. Tələbi mənim evimi yenidən təmir və döşəməni səsdən izoliyasiya etməyimdir. Halbuki, mən evimi tam təmir olunmuş vəziyyətdə almışam və bu, inşaat şirkətilə bağladığım müqavilədə də öz əksini tapıb. Əgər ev yaxşı inşa edilməyibsə bunun məsuliyyətini mən yox, “Nur-İnşaat” daşımalıdır. Amma istər Yasamal rayon, istərsə də Apellyasiya Məhkəməsi mənim hüquqlarımı nəzərə almır”.
Qeyd edək ki, qonşunun şikayətinə Bakı şəhər Yasamal rayon məhkəməsində baxıb. Hakim X.B.Məhərrəmovanın çıxardığı qərara əsasən, Xanmirzəyev Fəxrəddin İsrafil oğlunun iddiası tam təmin olunub. Döşəmənin yenidən təmir olunaraq, səsdən izoliyasia edilməsi Quliyevlər ailəsinə həvalə edilib. Quliyevlərin isə buna maddi imkanları çatmır.
Etibar Quliyevin vəziyyəti “evin pissə sat, qurtar” atalar sözünü xatırlatsa, ona bu imkanı da vermirlər: “Evimi satmaq istəyirəm. Müştəri gəlib evə baxanda qonşum qabağını kəsib mənzili təmir etdirmədən almamağı məsləhət görür. Bu barədə məhkəmə hökmünün olduğunu eşidən müştərilər dərhal öz niyyətlərindən daşınırlar”.
Aldığı evdə yaşamaq hüququndan məhrum olunan Quliyevlər ailəsi nə edəcəyini bilmir. Ailə başçısının ediyinə görə, məhkəmənin onlara verdiyi müddət başa çatıb: “Hökm artıq icraya yönəldilib. Dəfələrlə icra məmurları mənzilimizə gəliblər. Onlar da evin təmirli olduğunu görüb məhkəmənin necə bu cür qərar çıxardığına təəccüblənir. Amma öz vəzifələrini yerinə yetirməyə məcburdurlar”.
İcra məmurlarının onlara evin yenidən təmiri üçün 10 gün vaxt verdiyini deyən Etibar Quliyev bu tələbi zamanında yerinə yetirmədiyinə görə cəzalandırılıb da: “İcra məmurları bizi yenidən məhkəməyə verdi. Hökmün tələbini yerinə yetirə bilmədiyimiz üçün Yasamal rayon məhkəməsi bizə 500 manat cəza kəsdi. Biz evimizi təmir etməyə pul tapa bilmirik, məhkəmə isə bizim belimizə əlavə cərimələr yükləyir. Bu cür absurd qərar ancaq bizim məhkəmələrdən çıxar”.
Qeyd edək ki, ilk məhkəmə də ekspert rəyi üçün ailədən 100 manat tutmuşdu. İndisə, deyəsən, onlar hər 10 gündən bir 500 manat ödəməli olacaqlar. Çünki ailənin döşəməyi yenidən təmir etməyə pulları, məhkəmənin isə cərimələməkdən başqa seçənəyi yoxdur. Görünən budur ki, aldıqları ev Quliyevlər ailəsinə xeyli baha başa gələcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?