Federal Təhlükəsizlik Xidməti şok əməliyyat keçirib; “LUKoil” şirkətinə aid neftlə yüklənmiş “Naftalan” tankeri hərbi katerlərin köməyi ilə saxlanılıb
Rusiya xüsusi xidmət orqanları Xəzərdə şok neft qaçaqmalçılığının qarşısını alıb. Virtualaz.org Rusiya qaynaqlarına istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstan üzrə idarəsinin əməkdaşlarının sahil mühafizə qüvvələrinin dəstəyi ilə keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan tankeri saxlayıb.
FTX-nin Dağıstan üzrə idarəsinin mətbuat xidmətinin avqustun 7-də yaydığı açıqlamada bildirildiyinə görə, saxlanılan gəmi Azərbaycan bayrağı altında üzüb. Gəmi Mahaçqala dəniz limanından Azərbaycanın “Səngəçal” dəniz limanına doğru üzürmüş. Gəminin Azərbaycanın Dövlət Gəmiçilik İdarəsinə məxsus olduğu bildirilir.
FTX-nin məlumatında deyilir ki, Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi energetika gömrüyünün Qafqaz energetika gömrük postundan alınan sənədlərə əsasən tanker 4,5 min ton həcmində mazutla yüklənibmiş. Lakin tankerin yükündən götürülən analiz və kapitanın təqdim etdiyi sənədlər tankerin yükünün əslində azsıxlıqlı xam neftdən ibarət olduğunu göstərib. Sözügedən neft Rusiyanın “LUKoil” şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub.
Saxlanılan neftin ümumi dəyərinin 45 milyon rubl olduğu bildirilir. Faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən avqustun 4-də “strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başladılıb və istintaq aparılır.
Hazırda “Naftalan” tankeri Mahaçqala dəniz limanına çəkilib. Gəmi kapitanı və onun köməkçisinin barəsində qətimkan tədbirinin seçilməsi, habelə gəmiyə həbs qoyulması məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, araşdırma zamanı saxlanılan gəminin həqiqətən Xəzər Dövlət Dəniz Gəmiçiliyi idarəsinə (CASPAR) məxsus olduğu dəqiqləşdi. Belə ki, idarənin sərəncamında “General Şıxlinski” tipli "Naftalan" tankeri var.
Azərbaycan üzərindən qaçaqmal nefti daşındığı haqda iddialar çoxdan mövcuddur, ancaq indiki halda Rusiya kəşfiyyatının keçirdiyi bu əməliyyat doğrudan da əsl sensasiya hesab edilə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?