Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) gəncləri Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının həbsiylə bağlı bəyanat yayıb. Bəyanatda Tural Abbaslının həbsi kəskin şəkildə pislənərək, bunun hakimiyyətin gəncləri susdurmaq üçün bir yol olduğu bildirilib.
Bəyanatda yazılanlara görə, son zamanlar milli mübariz ruhlu gənclərimizə qarşı indiki hakimiyyət tərəfindən sərt addımlar atılır və Ramazan ayında da mövcud rejimin amansız davranışlarından əl çəkməmir.
Xüsusilə də Müsavat Gənclər Təşkilatı sədri Tural Abbaslının həbsini kəskin şəkildə pisləyən bəyanatda bu qanunsuz hərəkətin mövcud iqtidarın seçki öncəsi ciddi bir qorxu və təlaş içində olmasından xəbər verdiyi vurğulanıb. Bu kimi həbslərin milli şüurlu gənclərin susdurulması, onların milli mübarizə əzminin qırılması, vətəndaşlarda sönməz milli iradənin yox edilməyə çalışılması məqsədilə düşünülmüş riyakar yanaşma olduğu bildirilib.
Bəyanatla bağlı münasibət bildirən KXCP sədrinin gənclər məsələləri üzrə müşaviri Sərxan Carçı, güc strukturları tərəfindən gənclərə qarşı göstərilən mənəvi-fiziki təzyiqlərin heç bir nəticəsi olmayacağını ifadə edib. İqtidarın tutduğu zorba siyasətindən əl çəkməyə, artıq sivil müstəvidə adil bir mübarizə aparmağa səsləyən S.Carçı, "Biz, KXCP gəncləri olaraq bu cür həbslərin siyasi sifariş olduğu qənaətindəyik və bunlara bir an əvvəl son qoyulmasını hakimiyyətdən tələb edirik. Əslində bu, hər bir gəncimizə qarşı göstərilən hədə-qorxudan başqa bir şey deyil. Biz, milli məfkurəli gənclərimizin ədalətsizliyə qarşı bir cəbhədə dayanmağa və xalqa qarşı olan zülmə heç bir vəchlə göz yummamağa çağırırıq. Lazım gələrsə formal mənsubiyyətinə fərq qoyulmadan ölkənin milli gəncliyini sivil yolla müvafiq aksiyalar keçirməklə öz etirazını ifadə etmək üçün tam səfərbər edəcəyik. Buna lazım olan gücümüz və imkanımız var"- deyə fikrini tamamlayıb.
Qeyd edək ki, T.Abbaslı ilə görüşən vəkili Əsabəli Mustafayev onun üzündə fiziki zor əlamətləri olduğunu söyləyib.
Bəyanat yerli mətbuatla yanaşı xarici təşkilatlara da göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?