Məcburi köçkünlər arasında ayrı-seçkilik edilir; Paytaxtdan köçürülən qaçqınlar işsizlikdən şikayətlənir
Evlərindən didərgin düşüb Bakıya pənah gətirən məcburi köçkünləri bu ilin əvvəllərindən başlayaraq şəhərin mərkəzi ünvanlarından da çıxartdılar. Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında, metronun “Gənclik” stansiyasının yaxınlığında köhnə tikililərdə yaşayan sakinlər Mehdiabad və Müşfiqabad qəsəbələrində tikilən yeni binalara köçürüldülər. Ilk baxışdan bu köçürülmə, məcburi köçkünlərin evlə təmin olunması yaxşı hal sayıla bilər. Ancaq işin dərinliyinə baxanda, bu heç də elə deyil... BDU-nun yataqxanasında məskunlaşan köçkünlərin bir qismi Binəqədi rayonunda tikilən binaya, bir qismi isə Mehdiabad qəsəbəsindəki tikiliyə köçürülüb. Ancaq onlar bu köçürülmədən narazıdırlar. Cəbrayıl rayonundan olan məcburi köçkün Hikmət Hüseynova iki otaqlı ev verilib: “Bizə verilən mənzil iki otaqlıdır. Iki oğlum var. Ailə qurmaları zamanı çatıb. Imkansızlıqdan, mənzilin olmamasından ailə qura bilmirlər. Ümidimizi yeni mənzilə bağlamışdıq. Düşünürdük ki, 3-4 otaqlı ev verərlər, heç olmasa birini evləndirərik. Bu olmadı”. Bizimlə söhbət edən məcburi köçkünlər deyirlər ki, yataqxanada yaşamayan, ancaq məcburi köçkün olan onlarla ailə var ki, yeni tikililərdə mənzil ala bilirlər: “Kimin ehtiyacı var, o kənarda qalır, verilən mənzilin sahəsi kiçik olur, ancaq pulu olanlar, ”yuxarı"larla əlaqəli şəxslərə daha yaxşı imkan yaradırlar". Məcburi köçkünlər iddia edirlər ki, otaqların sayı çox olan mənzilləri tanışlıqla, tapşırıqla veriblər. Ailə üzvləri 5-6 nəfərdən ibarət olanlara iki otaqlı mənzil veriblər. Əksər ailələrdə oğul-uşaqlar həddi-buluğa çatıblar. Valideynləri onları evləndirmək istəyir. Mənzil probleminə görə ailə qura bilmirlər. Yataqxanının keçmiş sakinlərinin problemi təkcə bununla bitmir. Indi onların bir qismi pis-yaxşı evlə təmin olunsalar da, əksəriyyəti qazanc yerlərindən məhrum olublar. Qeyd edək ki, yataqxanaların arasında səliqəsiz və yöndəmsiz dükanlar da tarixin arxivinə gedib. Beş-on manat pulu olanlardan kimisi özünə dükan, kimisi bərbərxana, kimisi isə ayaqqabı təmiri üçün balaca bir dükan tikdirmişdi. Buranı kiçik yarmarka da adlandırmaq olardı. Vətəndaşlar yer haqqı vermirdilər, kommunal üçün ödəniş etmirdilər. Dediklərinə görə, yaxşı dolana bilməsələr də, günü-günə calaya bilirdilər. Indi isə... Dükan işlədənlər onlar gedəcəkləri Müşfiqabadda əlavə torpaq sahəsi ayırıb obyekt açacaqlarına imkan veriləcəyinə ümid bəsləmirlər. Bunun üçün müraciət etdiklərini söyləyirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?