Prezidentin rayona ayırdığı milyonlarla manat vəsaiti bank vasitəsilə nağdılaşdırıb Arif Əsgərovun oğluna faizə verən dəstə haqda sensasion məlumatlar Xəbər verdiyimiz kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bu işdə A.Əsgərovun oğlu “Liman Group” şirkətinin rəhbəri, Elnar Əsgərovun da adı hallanır.
Qaranlıq maliyyə əməliyyatlarında R.Hüseynov qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar. Etibarlı mənbələrdən musavat.com-a verilən məlumata görə, bu işin bir qolu da Tovuz rayonuna gedib çıxır (Arif Əsgərov əslən Tovuzun Qovlar qəsəbəsindəndir – red.). Mənbənin dediyinə görə, ölkə prezidentinin rayona dövlət büdcəsindən ayırdığı milyonlarla manat vəsaiti “Bank Teshnique”in (əvvəlki adı “Texnikabank”) yerli şöbəsinin rəhbərinin əli ilə çıxararaq onu Arif Əsgərovun qohumlarına, daha doğrusu oğlu Elnara faizə veriblər. Bu işlə rayonun bəzi rəhbər şəxsləri və onların övladları məşğul olub. Bir sözlə, dövlətin milyonlarla vəsaitini mütəşəkkil dəstə əlbir olaraq öz mənafeləri naminə talan edib.
Mənbəmiz iddia edir ki, 2012-ci ildə dövlət büdcəsindən Tovuz rayonuna ayrılmış 11 milyon manatın 5 milyon manatı “Bank Teshnique”in “Tovuz” filialı vasitəsi ilə nağdılaşdırılaraq hesabdan çıxarıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verib. Bu işdə Elnar Əsgərovun Qoşqar adlı bacanağının da aktiv rol oynadığı haqda məlumatlar dolaşır.
Məlumatı verən mənbənin iddialarına görə, büdcə pulları “Bank Teshnique”in “Tovuz” filialının müdiri Elnur Süleymanovun birbaşa təşkilatçılığı ilə bankdan çıxarılıb. Elnur Süleymanovun Elnar Əsgərovla yaxın qohumluq münasibətində olduğu bildirilir.
Ötən saylarda yazmışdıq ki, bu işlərə görə Arif Əsgərovun oğlu Elnar Əsgərov saxlanılıb. Amma atası onu xeyli “əziyyət”dən sonra azad etdirə bilib.
Bununla bağlı əlimizdə başqa detallar da var. Sadəcə hazırda bəzi dəqiqləşdirmələr aparırıq. Yaxın saylarda bu haqda geniş araşdırma yazısı hazırlayacağıq.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?