Qəbələ rayonunda şok olay yaşanıb. Hadisə avqustun 18-də rayonun mərkəzinə yaxın meşəlik ərazidə, turistlərin daha çox üz tutduğu Dəmiraparan çayının sol sahilində baş verib. Özünün bahalı qara ərəb atı ilə Qəbələ meşələrində gəzintiyə çıxan nüfuzlu və yüksək rütbəli şəxslərdən biri gözləmədiyi halda vəhşi heyvanın hücumuna məruz qalıb.
Olay şahidlərinin virtualaz.org saytına verdiyi məlumatda deyilir ki, Bakıdan Qəbələyə istirahətə gedən həmin məmur tanışları ilə birgə meşədə at belində bir qədər gəzəndən sonra atını ağaca bağlayıb, onlar özləri isə çayın kənarına eniblər: “Bu zaman qəflətən meşədən çıxan nəhəng bir ayı ağaca bağlanmış ata hücum edib. Atın kişnərtisinə geri dönən məmur və dostları ayının qorxusundan olay yerindən uzaqlaşıblar. Onlar bir qədər aralıda dayanaraq hadisəni kənardan izləyiblər. At onu parçalamağa çalışan ayı ilə mübarizə aparıb. Ovunun ciddi müqaviməti ilə üzləşən və adamların səs-küyündən diksinən ayı sonra atı buraxaraq yenidən meşəyə qaçıb. Amma o, atın gözünü, boğazını ağır yaralayıb”.
Şahidlər qeyd edirlər ki, ayı ərazidən uzaqlaşan kimi olay yerinə təcili olaraq baytar həkim çağırılıb: “Həmin nüfuzlu məmur ətrafdakı adamlara hadisə haqda heç kimə məlumat verilməməsini tapşırıb. Səs-küyə yığışmış turistlərə və ətrafda olanlara isə atın bir qəbələli kəndliyə məxsus olduğu, kəndlinin də atı ağaca bağlayaraq toya getdiyi deyilib. Əslində isə sadə bir kəndlidə qiymətli ərəb atının olması inandırıcı deyil. Yerli sakinlər deyir ki, həmin məmurun Qəbələdə evi var, rayona tez-tez baş çəkir. Onun atını isə yerli mehtərlərdən biri saxlayır”.
Mənbəmiz onu da bildirir ki, həmin məmurun zəngindən sonra əraziyə bir neçə maşın gəlib. Qan içində olan ərəb atı yük maşınına qoyularaq harasa aparılıb. Elə məmur özü də həyəcanlı halda maşına minərək gedib.
Bəs həmin nüfuzlu məmur kim olub? Bu suala aydınlıq gətirmək cəhdlərimiz uğursuz alınsa da (rayondakı qaynaqlarımız da onu şəxsən, ad-soyadla tanımadıqlarını söyləyirlər) yalnız onu öyrənə bildik ki, həmin şəxs general rütbəli MTN zabitidir.
Qeyd edək ki, bu faktla bağlı istər yerli sakinləri, istərsə də Qəbələyə istirahətə gedən turistləri narahat edir. Onlar turizm bölgələrində vəhşi heyvan hücumuna məruz qalmaq riskinin böyük olduğunu diqqətə çatdıraraq əlaqədar təşkilatların ölçü götürməsini istəyirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?