Birləşmiş Ərəb Əmirliklərində saxlanılan Xəyal Əlizadə ekstradisiya olunacaq
Mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin ölümündə günahlandırılan şəxs saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan həmin şəxs Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür.
Onu da əlavə edək ki, bir müddət əvvəl də mətbuatda Vüsal Şilderin ölümündə onun adı hallandırılmışdı. Vüsalın ölümünün 40-cı günündə “Qafqazinfo”ya danışan Vüsalın anası Mətanət Şilder də oğlunun ölümündə onu ittiham etmiş, eyni zamanda onun Dubayla olan əlaqəsinə də toxunmuşdu.
Ailə-məişət zəminində baş verən cinayət hadisəsində indiyə qədər şübhəli şəxs qismində Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov, həmçinin Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.
Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.
Qeyd edək ki, Vüsal Şilderin atası Adolf Şilder bir vaxtlar “Mersedes Benz”in Azərbaycan üzrə nümayəndiliyinin rəhbəri vəzifəsində çalışıb.
Əldə etdiyimiz digər bir məlumata görə isə hazırda cinayət işi üzrə istintaq başa çatmaq üzrədir. Həbs olunan şəxslərin işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Prosesi diqqətimizdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?