Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytında yerləşdirilib. APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev dələduzluqda təqsirli bilinir. Azərbaycan məhkəməsi onun axtarışa verilməsi ilə bağlı qərar çıxarıb və tutulması üçün İnterpola müraciət olunub.
Qeyd edək ki, İ. Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişən Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib.
Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onun dələduz və fərarı olduğunu açıqlayıb. Naxçıvan MTN-in açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gedərək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd edib.
Bir neçə gün əvvəl isə Rusiyanın Yaroslavl vilayət məhkəməsi İbrahim Musayev barədə qərar çıxarıb. Məhkəmə adı çəkilən şəxsin Azərbaycana ekstradisiyasına qərar verib.
Məhkəmənin qərarından apellyasiya şikayəti verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?