“Ovuc boyda bir kağız. Üstündə də yazılıb ki, qanunsuz evlər sökülməlidir. Yanlarında da az qala bir ordu qədər polis işçisi. Qəflətən gəldilər, evləri traktorla, buldozerlə dağıtdılar. Etiraz edən adamları sürüyüb ərazidən uzaqlaşdırdılar. Tutduqlarını da tutub apardılar polisə”.
Bakının Sabunçu rayonu ərazisindəki “Savalan” yeni yaşayış massivində 50-dən artıq ev sökülüb. Sakinlər “Azadlıq” radiosunun “Qaynar xətt”inə bildiriblər ki, 2 həftə əvvəl qəflətən küçələrə gətirilən ağır texnikalarla yeni tikililərə “hücum olub”.
Adil Səfərov: “Bizim əlimizdə fərdi ev tikintisi üçün rəsmi icazə, yerli icra hakimiyyətinin sənədi də var. Düzdür, evi tam sökməsələr də, qarşısındakı eyvanı darmadağın etdilər. ancaq ətrafımızdakı evləri şumladılar”.
Mahir Həsənov: “Biz Cəbrayıl köçkünüyük. Bina evində yaşayırdıq. Ailələr böyüdükcə qərara aldıq ki, torpaq alıb, həyət-bacalı ev-eşik düzəldək. Torpağı yerli adamdan almışıq. 12 sot idi, 6 sotunu bizə satdı, 6 sotunu başqasına. Fərdi ev tikmək üçün 1991-ci ildə verilmiş bir sənədi var. Biz də o sənədə arxayın olub tikmişik. Evin üstünü bağlayanda gəlib tökülüşdülər. ətrafdakı evlərdən heç olmasa əsər-əlamət saxladılar. Bizim evimizi şumlayıb yerlə bir etdilər”.
Mahir Həsənovun sözlərinə görə, yeni tikilinin sökülməsi az imiş, üstəlik özlərini də həbs ediblər: “Məni, qardaşlarımı, yaxın qohumumu və bir qonşunu polisə apardılar. Hamımıza 1 sutkadan 3 sutkayadək həbs verdilər. Sonradan bildik ki, qardaşım Tahir Həsənova və dayım oğlu Rəsul Ağayevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Onlar sutkalıq həbslərini başa vurub azadlığa buraxılsalar da, hazırda barələrində cinayət işi var”.
Mahir Həsənov bunu ailələrinə qarşı təzyiq hesab edir.
Sabunçu rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, “Savalan” yaşayış massivində qanunsuz tikililərin sahiblərinə yazılı xəbərdarlıq olunub. Onların təqdim etdikləri 1991-ci ildə verilmiş sənədlərin saxta olduğu bildirilib. Ancaq buna baxmayaraq, adamlar tikinti işlərini dayandırmayıblar. Rayon İcra Hakimiyyəti ərazidəki tikililəri sökmək üçün əraziyə ağır texnika göndərib: “Çoxdan tikilmiş evlərə toxunulmayıb. O evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq işlər görülür. Hazırda tikilməkdə olan və üstü örtülməyən evlər sökülüb”.
Barəsində cinayət işi başlananlar isə söküntü işlərini görən fəhlələrə və yerli icra hakimiyyətinin nümayəndələrinə qarşı xuliqanlıq hərəkətləri ediblər.
Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmə qərarı olmadan hər hansı tikilinin sökülməsi qanunsuzdur.
“İcra hakimiyyəti əvvəl məhkəməyə müraciət edib adamların əllərindəki sənədlərin saxtalığını sübuta yetirməli idi”, - vəkil bildirib.
“Savalan”da evləri sökülənlər indi daşı daş üstə qoymağa ehtiyat edirlər. Ərazidəki salamat evlərin sahibləri isə hər gün səksəkədədirlər. Gözləri yolda, qulaqları səsdədir - evlərini sökəcək ağır texnikaların hər an gələ biləcəyi xofu ilə yaşayırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?