Dövlət Dəmir Yolları QSC ilə bağlı 48 milyon manatlıq mənimsəmə qalmaqalının iştirakçılarının sayı artır
Qeyd edək ki, neçə müddətdir mətbuatda Arif Əsgərov və onun yaxın qohumları ilə bağlı yazılar səngimək bilmir. Məlum olduğu kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur . Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb. Hazırda onun Moskvada olduğu və müntəzəm olaraq zərərçəkmişlərlə əlaqə saxladığı bildirilir. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır.
Zərərçəkənlər bildiriblər ki, əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov gəlir və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynovun əvvəlcə Arif Əsgərovun bacısı oğlu olduğu deyilmişdi, lakin daha sonra “Azərbaycan Dövlət Dəmiryolları” ASC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov onun A.Əsgərovun baldızı oğlu olduğunu açıqladı.
Məsələ o qədər ciddidir ki, hətta Arif Əsgərovun qohumları bu barədə araşdırma yazıları aparan əsas mətbu orqanların, “Yeni Müsavat” qəzetinin və virtualaz.org saytının üstünə hucuma keçiblər. Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində müəyyən etdik ki, Arif Əsgərovun yaxınları, [email protected] electron ünvanından bəzi saytların, hansılar ki, adıçəkilən mətbu orqanlara istinadən Arif Əsgərov və onun qohumlarından ifşaedici yazılar dərc ediblər, ünvanlarına və yazıların şərh yerlərinə nalayiq söyüşlər yazıb göndəriblər. Bu şərhləri yazanların Arif Əsgərovun yaxınları olmalarını isə e-mail ünvanından ehtimal etmək olar.
Çünki bu rəqəmlər Arif Əsgərovun xidməti avtomobilinin qeydiyyat nömrəsidir, soyad isə onun soyadı ilə eynidir, yəni Əsgərovdur. Bu yazıları oxuyanda fikirləşdik ki,həmkarlarmızdan geri qalmamaq üçün biz də Əsgərovlardan araşdırma yazı yazaq. Dövlət Dəmir Yolları QSC-dəki etibarlı mənbədən aldığımız məlumata görə Əsgərovlar və onların yaxın qohumları ilə əlaqədar gedən yazılarda bəzi fiqurantlar diqqətdən kənarda qalıblar. Bu yazımızda biz onları da sizlərə təqdim edəcəyik. Belə ki, bu işlərdə iştirakçı kimi Rahib Hüseynova dəstək verən iki nəfər şəxsi də müəyyən etmişik. Belə ki, bu şəxslər Azərbaycan Dəmir Yolları ASC-nin sədri Arif Əsgərovun köməkçisi ,həmyerlisi İlqar Məmmədov və “DəmirBank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanovdur.
Qeyd edək ki, Müşfiq Tükanovdan əvvəl həmən filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. Sonradan İlqar Məmmədov Arif Əsgərova köməkçi təyin olunandan sonra onu bu vəzifədə Müşfiq Tükanov əvəz edib. DəmirBankın “Mərkəz” filialındakı Müşfiq Tükanovun xidməti otağı dəmir yolunda görülən maxinasiyaların plan cızma yeri olub. Haqqını tələb edən dəmiryolçuların gözündən qıraq olan bu filiala “Liman Group” şirkətinin rəhbəri Arif Əskərovun oğlu Elnar Əskərov, Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq və tarif şöbəsinin bölmə rəisi Rahib və qardaşı Emin Hüseynov yığışardılar.
Onları da Müşfiq Tükanov ilə tanış edən , uşaqlar üçün bankda vip şərait yaratmağı Müşfiqdən xahiş edən və ona “bütün işlərini sənin otağında görsünlər” sözünü deyən, keçmiş müdiri İlqar Məmmədov olub. Mənbənin bildirdiyinə görə vaxtı ilə elə belə bir vip şəraiti öz filial müdiri otağında Arif Əsgərov üçün də elə İlqar Məmmədov yaradıb. Mənbənin bildirdiyinə görə o vaxtlar Arif Əsgərov Dövlət Dəmir Yolları idarəsinin maliyyə xidmətinin rəisi olanda altı aylarla dəmiryolçuların əmək haqlarını verə bilmədiyinə görə onların əlindən gedib DəmirBankın “Mərkəz” filialında, İlqar Məmmədovun otağında gizlənərdi. O vaxtlar onun sürücüsü olan Aşıq İlyas da telefona cavab verib bildirərdi ki, rəis Maliyyə Nazirliyinə gedib.
Bax bütün bunları nəzərə alaraq biz bir daha qeyd edirik ki,bu qalmaqallı işdə iştirakçıların sayı artır. O vaxtlar ata Əsgərov, İlqar Məmmədov filial müdiri olanda gedib Dəmir Bankın “Mərkəz” filialında oturardı,indi də elə bil tarix təkrarlanır, oğul Əskərov öz xala uşaqları ilə yenə də həmən bankda, ancaq İlqarın yox, Müşfiq Tükanovun otağında oturur. İlqar Məmmədovun arxasında havadarı kimi Arif Əsgərov dayansa da, Müşfiq Tükanova həyata “2-ci bileti” yazan, Milli Bankda böyük post tutan departament müdiri, qaynatası olub.
Hətta apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, İlqar Məmmədov Dəmir Bankın “Mərkəz” filialının müdiri olanda Müşfiq Tükanov orada sadəcə “Azercell ödəmələri” xidmətində çalışıb. Ancaq sonradan Milli Bankdakı iri ranqlı məmurun kürəkəni olan kimi, o Dəmir Bankın “Mərkəz” filialının müdiri vəzifəsinə təyin olunub. Bu günləri Müşfiq Tükanovun “Mərkəz” filialının müdiri olmağı sadəcə formal xarakter daşıyır.Onun əsas qazanc yeri ,qaynatası tərəfindən ona həvalə olunan Milli Bankın gəlirli işləridir. 200 min manatlıq maşınlarda qəzən, Bakıda bir çox obyektlər alan Müşfiq, əlbəttə ki,filial müdiri vəzifəsində çalışa-çalışa aldığı əmək haqqı ilə bunları əldə edə bilməz. Ancaq bu artıq başqa bir mövzunun sensasion yazısı olduğu üçün bu barədə gələn yazımızda danışacağıq. Bizi izləyin… (Qafqaznews.az)
Sorğu
Yeni dizaynımız necədir?