Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin istintaqı 2-3-günə yekunlaşacaq. Onun barəsində cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndəriləcək.
Bu barədə “Turan”a vəkil Rəşad Mirmehdizadə bildirib.
Onun sözlərinə görə, Muradverdiyevin səhhətində problemlər var və MTN-in təcridxanasında gündəlik həkim nəzarətindədir.
A.Muradverdiyev 2013-cü il iyunun 20-də Bakı Beynəlxalq Hava Limanında tutulub.
O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Rəsmi məlumata görə, onun əlindəki çantasından Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Akif Muradverdiyev ittihamı qəbul etmir və sikkələrin onun əl çantasına qoyulduğunu bildirib.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Yeni dizaynımız necədir?