Prosesdə gömrük generallarının da yer aldığı bildirilir; Ziya Məmmədov isə bayraq meydanına 4 milyona yaxın pul verib
gundemxeber.az Nəqliyyat naziri Ziya Məmmədov İmişlinin icra başçısı Vilyam Hacıyevin rayonda apardığı təmir-tikinti işlərindən qalmış 16 milyonluq borcunun 4 milyonuna yaxınını şəxsən ödəyib. Daha dəqiqi, o, rayonda tikilən bayraq meydanının tikintisinə sərf olunan vəsaiti ödəyib. Bu barədə məlumat verən «Reytinq” qəzetində rayon sakinləri abadlaşdırılmaya sərf olunan məbləğdən qalmış 12 milyon borcun ayrı-ayrı firmalara ödənilməsi üçün rayonun bütün büdcə təşkilatları, həmçinin biznesmenlər Tofiq İsayev, Aslan Manafov və digər biznesmenlərin səfərbər olunduğunu deyir: «Büdcə təşkilatlarının rəhbərlərini anlamaq olar, onlar korrupsiya və rüşvətin içində boğulurlar. Ona görə də hər qanunsuz tapşırığın qarşısında aciz qalaraq, yerinə yetirməyə məcbur olurlar. O ki qaldı biznesmenlərə, əlbəttə, onlar mükafatsız qalmırlar. Məsələn, rayon Şahmat Məktəbinin ərazisi Tofiq İsayevlə Manafovun arasında bölündü. Bundan əlavə, onlara rayondakı bizneslərini genişləndirmək üçün geniş imkanlar açılıb. İcra başçısı xüsusən Tofiq İsayevə o qədər geniş sərhəd tanıyıb ki, bu biznesmen prezident İlham Əliyevə bir ay əvvəl rayona gələndə protokol qaydalarını belə kobud şəkildə pozdu. Tofiq İsayev Heydər Parkında prezidentdən bir neçə addım öndə yeriməklə, rayon sakinlərinə daha da qıcıqlandırdı. Yəqin ki, bunu izləyənlərin hər birində bu ikrah yaratdı. Sanki Tofiq İsayev bu hərəkəti ilə «bu rayonun əsl sahibi mənəm» mesajını vermək istəyirdi». Sakinlər dövlətə və ayrı-ayrı fiziki şəxslərə islahatla paylanmış torpaq sahələrini mənimsəyən qrupun rayondakı fəaliyyətindən də söz açıblar: «Araz çayının yeni qolunun açılması ilə əlaqədar Biləsuvar istiqamətinə 10 min hektarlarla, İmişli-Kürdəmir yolunun üstündə isə 3500-4000 hektara yaxın sahədə ferma tikdirib, maldarlıqla məşğul olan fermerlərə rayonda «divan» qurulub. Onları Rayon İcra Hakimiyyətinə, yaxud Torpaq Şöbəsinə yığaraq torpaqlarından imtina etmələri haqda ərizə yazmağa məcbur edirlər. Narazılıq edənləri Vilyam Hacıyevin qəbuluna aparıb, orada hektarı 100 manata ərizə yazdırırlar. Əlavə bir neçə vəd versələr də, bu sözdən o tərəfə keçmir. Yəni yerində hər hansı bir sənədləşdirmədən söhbət getmir. Açığı, bu torpaq mənimsəmə əməliyyatını cavabdeh şəxslər nazir Kəmaləddin Heydərovun adı ilə, həmçinin gömrük generalları ilə bağlayırlar». Həmin torpaq sahələrinin çox keyfiyyətli və münbit olduğunu deyən sakinlər bildirirlər ki, bu qanunsuz mənimsəməyə etiraz edənlərdən biri ilə gömrük generalı əlbəyaxa da olub: «Bundan sonra həmin şəxsə başqalarına deməmək şərti ilə hektarına 200 manatdan pul veriblər. Bizim bildiyimizə görə isə hər hektara 400 manat ayrılıb. Lakin İcra Hakimiyyətində yaradılmış komissiya camaatın haqqını mənimsəyir. Həmin komissiyanın üzvləri arasında icra başçısını aqrar məsələlər üzrə müavini Fərrux Mirzəyev, hüquq şöbəsinin müdiri, torpaq şöbəsinin rəhbəri Vüqar Məmmədov da var». Onu da bildirək ki, Araz çayının yeni qolunun çəkilişi ilə əlaqədar “Azərsun” Holdinq də bölgədə böyük torpaq sahələrini ələ keçirib. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Gələn sayımızda “Azərsun” Holdinqin İmişli rayonundakı digər maxinasiyalarından bəhs edəcəyik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?