Ötən həftənin sonunda - şənbəyə keçən gecə Xarkov şəhərinin mərkəzi küçələrindən olan Petrovski küçəsində yerlilərlə azərbaycanlılar arasında kütləvi dava olub. Virtualaz.org xəbər verir ki, bu məlumatı Ukraynanın segodnya.ua portalı yayıb.
“Gecə saat 3-ə az qalırdı. Mən maşınla yoldan keçirdim. Gördüm ki, xarici markalı bir maşın dayanıb. Avtomobilin qapıları açıq idi. Maşının yanında isə xeyli adam vardı. Onlar dava edirdilər. Üç nəfər rus beş azərbaycanlı miqrantı möhkəm döyürdülər” - deyə hadisənin şahidi olan Maksim adlı xarkovlu segodnya.ua-ya bildirib.
Adıçəkilən internet portalının verdiyi məlumata görə, dava-dalaş “Laquna” kafe-barının düz yanında baş verib. Asiyalılar və qafqazlılar bu məkanda əylənməyi sevirlər. Amma kafedən deyilib ki, azərbaycanlılarla rusların davası orada düşməyib.
Xarkovlular bu davada milli ədavət çalarları gördüklərini deyiblər. Saytın yazdığına görə, əhalisinin əksəriyyətini ruslar təşkil edən bu Ukrayna şəhərinin rus gəncləri arasında miqrantlara dözümsüz yanaşan radikal əhval-ruhiyyəli adamlar çoxdur. Rus millətçiliyi bu şəhərdə güclüdür və yerli millətçilər bunu heç gizlətmirlər də.
Ukraynalı politoloqlar isə həyəcan təbili çalırlar. Onların sözlərinə görə, Xarkovda millətlərarası ədavət və düşmənçiliyin qızışması təhlükəsi çox böyükdür: “Çünki bu şəhərdə rus millətçiliyi daha güclüdür. Xarkovda isə Asiya və Qafqazdan olan miqrantların kütləvi şəkildə və sıx yaşadığı bütöv mikrorayonlar var”.
Sorğu
Yeni dizaynımız necədir?